Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları qış obalarında əhaliyə səyyar həkim briqadaları tərəfindən tibbi xidmətin göstərilməsi davam edir.

10 iyul 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun tapşırığına uyğun olaraq Laçın  Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadaları təşkil edilərək qrafik əsasında yerlərə ezam olunmuşdur.  Səyyar həkim briqadaları təcili tibbi yardım maşınları, zəruri dərman və sarğı materialları ilə təchiz edilmişdir. Bu isti yay günlərində həmin qrafikə əsasən gündəlik olaraq rayon əhalisinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki  obalarda  əhaliyə səyyar tibbi xidmət göstərilir. 24  iyun 2015-ci il tarixdən başlayan bu planlı tədbirlər ilk olaraq rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Mirik, Minkənd, Qoşasu, Qarıqışlaq, Fingə, Nurəddin və Alxaslı obalarını əhatə  etmişdir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü obalarında təşkil olunmuş səyyar tibbi müayinələr zamanı aşkar olunmuş xəstələrə ambulator müalicələr təyin edilmiş, digərlərinə səhhətlərindəki problemə görə aidiyyəti səhiyyə müəssisələrinə müraciət etmələri üçün göndərişlər verilmişdir. Qocaların və ev şəraitində xəstə vəziyyətdə olan  insanların tibbi müayinəsinə xüsusi diqqət yetirilmişdir.
Səyyar həkim briqadalarının göstərdiyi tibbi xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.
Belə tədbirlərin  ilin isti günlərində davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər