Bir qrup gənc hərbi xidmətə yola salındı.
08.07.2015-ci il tarixdə Bakıda işğal altında olan rayonların, həmçinin Laçın rayonundan olan hərbi çağırışçıların hərbi xidmətə yola salınması mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın Rayon İcra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri Aqil Nəzərli, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov iştirak ediblər.
General-mayor Novruzəli Orucov iyulun 1-dən ölkə Prezidentinin çağırışla bağlı müvafiq sərəncamının icrasına başlandığını qeyd edərək çağırışın yüksək səviyyədə davam etdiyini və çağırışdan yayınma hallarının olmadığını, bu gün məcburi köçkün rayonlarından olan çağırışçılarda daha böyük ruh yüksəkliyinin şahidi olduğunu bildirdi.
Laçın Rayon İcra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri Aqil Nəzərli çıxışında qeyd etdi ki, torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu istiqamətdə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında hərbi xidmətin əvəzedilməz rolu vardır. Hərbi xidmət həm də gənclər üçün bir həyat məktəbidir. Belə ki, xidmətdə olan gənc fiziki, mənəvi-psixoloji cəhətdən formalaşır, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrənir. Görünən odur ki, gənclərin hərbi xidmətə marağı hər keçən gün artır. Ərazisi işğal altında olan Laçın rayonda ən çox diqqət mərkəzində olan məsələlərdən biri də yeniyetmə və gənclərin ali hərbi məktəblərə istiqamətləndirilməsidir. Xatırladaq ki, laçınlı yeniyetmə gənclər arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların ali hərbi məktəblərə istiqamətləndirilməsi istiqamətində fəal şəkildə təbliğat işləri aparılır. Bu barədə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun təşəbbüsləri artıq ilk bəhrəsini vermiş, laçınlı gənclərdən 2013-cü ildə 7, 2014-cü ildə 12 nəfər ali hərbi məktəblərə daxil olmuşdur.Cari dərs ilində bu istiqamətdə məqsədyönlü tədbirlər davam etdirilmiş, 2015-ci il 1 iyun vəziyyətinə olan məlumata əsasən Laçın rayonunun ümumtəhsil məktəbləri üzrə ali hərbi məktəblərə sənəd vermək arzusunda olan 42 nəfərdən 28 nəfəri tibbi komissiyadan keçmiş, hazırda onlar qəbul imtahanlarına ciddi hazırlaşırlar. Bu əhəmiyyətli məsələdə həmin yeniyetmə və gənclərimizə uğurlar arzulayırıq. İnanırıq ki, Sizlər Ali Baş Komandanımızın rəhbərliyi altında dövlət bayrağımızı Şuşada, Laçında Xankəndidə və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız.
Hərbi xidmətə yola düşən laçınlı gənclər də bu günün onların həyatında xüsusi önəm daşıdığını və qələbə sevinci ilə öz ailələrinə dönəcəklərinə əminliklərini bildirdilər.
Həmin gün Laçın rayonundan 21 nəfər gənc təntənəli şəkildə hərbi xidmətə yola salındı.