Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 2015-ci ildə əvvəlki ilə nisbətən daha çox taxıl məhsulu əldə etdilər.

09 iyul 2015 | 15:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov məcburi köçkün əhalinin sosial rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Laçın rayonundan olan məcburi köçkünlərin kompakt olaraq müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki obalarda  məcburi köçkünlərin əsas məşğuliyyəti kənd təsərrüfatı olduğundan burada taxılçılığa diqqət ilbəil artırılır. Ərazidəki laçınlı məcburi köçkünlər tərəfindən 2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün 1388,50 hektar sahədə taxıl səpini aparılmış, sahələrdə yaxşı bitiş alınmış, vaxtında suvarma işlərinin aparılması sahələrdən bol məhsul almağa real zəmin yaratmışdır.

Cari ilin biçin kampaniyasının normal surətdə təşkil edilməsinin təmin olunması məqsədilə Laçın Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə aidiyyəti rayon təşkilatlarının nümayəndələrindən ibarət komissiya yaradılmış, biçin işləri və məhsul toplanışı ciddi nəzarətdə saxlanılmış, mövcud kombaynlarla yanaşı ətraf rayonlardan əlavə kombaynlar işə cəlb edilərək sahələrdən  itkisiz və bol məhsulun götürülməsinə nail olunmuşdur.

Belə ki, 2015-ci ilin taxıl biçini mövsümündə əhali təsərrüfatlarında olan 1388,50 hektar sahədə taxıl biçilmiş, 4253 ton taxıl məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan məhsuldarlıq 30,6 sentner təşkil etmişdir. Biçilmiş sahələrin 107 hektarı buğda, 1282 hektarı arpa sahələri, istehsal edilmiş məhsulun 327 tonu buğda məhsulu, 3926 tonu arpa məhsulu təşkil etmişdir. 2015-ci ilin ümumi taxıl biçini sahəsi 2014-cü illə müqayisədə 160,50 hektar və ya 13,1% çox, istehsal edilmiş məhsul 462 ton və ya 12,2% çox olmuşdur. Taxıl sahələrindən orta məhsuldarlıq 2014-cü ilə nisbətən  0,50 sentner çox təşkil etmişdir.

Keçidlər