2 İyul - Polis işçilərinin peşə bayramı münasibəti ilə bağlı tədbir keçirilmişdir.
2 iyul 2015-ci il tarixdə saat 10:00-da Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 2 İyul - Polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdikdən sonra Taxtakörpü qəsəbəsindəki Laçınlı şəhidlərin, həmçinin Laçın rayon Polis şöbəsinin şəhidlərinin xatirəsinə ucaldılmış xatirə komplekslərini ziyarət etmişlər.
Tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun adından bütün bu sahədə çalışan hər bir kəsi təbrik etmişdir. Natiq bildirmişdir ki, bu gün Azərbaycan polisinin yaradılmasından 97 il ötür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir.
Tədbirdə Laçın Rayon Məhkəməsinin sədri Mübariz Hüseynov, Laçın Rayon Prokuroru Ceyhun Almasov, Laçın Rayon Polis şöbəsinin rəisi Məhəmməd Kərimov çıxış edərək qeyd etdilər ki, bu gün hər bir vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının peşə bayramıdır. Vurğulandı ki, Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf etsədə, amma yenidən Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd olunur. Qeyd edildi ki, yeni Azərbaycan polisinin fəaliyyəti daha səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Natiqlər ayrı - ayrılıqda 2 İyul - Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polislərə ən xoş arzularla öz təbriklərini çatdırdılar.