Laçınlılar 20 İyun-Ümumdünya Qaçqınlar Günündə təmizlik aksiyası keçirdilər.
Ümumdünya Qaçqınlar Günü ilə bağlı 20 İyun 2015-ci il tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində və ətraf obalarda əmək kollektivlərinin və sakinlərin iştirakı ilə geniş təmizlik aksiyası keçirilmişdir. Aksiyada 1500-dən çox rayon sakini iştirak etmiş, ərazidəki prospekt, küçə, park və meydanlarda, idarə, müəssisə və təşkilatların həyətlərində, yaşayış massivlərində, yaşlılıq zolaqlarında geniş təmizlik işləri aparılmışdır.
Laçın Rayon İcra hakimiyyətinin başçısı Akif Səlimov aksiya iştirakçılarının diqqətinə çatdırmışdır ki, BMT Baş Assambleyası 4 dekabr 2000-ci il tarixdə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul etmişdir. BMT-nin açıqlamasına görə, hazırda dünyada 15.4 milyon insan qaçqınlıq həyatı yaşayır. Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyildir. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırıma məruz qalmış, tarixi torpaqlarımıza təcavüz edilmiş, nəticədə minlərlə soydaşımız qaçqına çevrilmişdir. Sonuncu dəfə 350 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovularaq Azərbaycana pənah gətirmiş, 789 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 62 şəhər və rayonunda 1600 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışmışlar. Təkcə 1988-1993-cü illərdə erməni işğalçıları tərəfindən həmin ərazilərdə mövcud olmuş 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisələri, 927 kitabxana, 44 məbəd, 9 məcsid, 473 tarixi abidə, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi yerlə yeksan edilmiş, bütövlükdə işğal nəticəsində dəyən ziyan 300 milyard ABŞ dollarından çox həcmdə qiymətləndirilir.
Aksiya iştirakçıları tam əminliklə vurğulamışlar ki, erməni tapdağı altında olan tarixi torpaqlarımız işğaldan azad ediləcək, belə aksiyaların işğaldan azad ediləcək bütün rayonlarımızda, həmçinin Laçın rayonu ərazilərində də elliklə keçirilməsi tarixə çevriləcək, həmin gün keçiriləcək belə aksiyalar torpağa, yurda, Vətənə qayıdış günü kimi təntənəli şəkildə qeyd olunacaqdır.