Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun Səhiyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.

17 iyun 2015 | 15:00

17 iyun 2015-ci il tarixdə rayonun çoxsaylı tibb işçiləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın rayon İcra Hakimiyyətinin qarşısındakı büstünü ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş xalqımızın Ümummilli liderinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısının birinci  müavini Tofiq Mirzəyev 17 iyun Səhiyyə işçilərinin peşə bayramı günü münasibəti ilə rayon tibb işçilərini təbrik etmiş, respublikada tibb sahəsində əldə olunan nailiyyətlərdən danışmışdır. Minnətdarlıq hissi ilə qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin respublika səhiyyəsinə olan diqqət və qayğısının təzahürü kimi 17 iyun 2001-ci ildən ölkəmizdə Səhiyyə işçilərinin peşə bayramı günü kimi hər il təntənəli surətdə qeyd olunur. Çıxışda həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi kimi hazırda, Azərbaycanda təkcə mərkəzi şəhərlərdə deyil respublikanın bütün regionlarında müasir tələblərə cavab verən, yeni  avadanlıqlarla təchiz edilmiş, onlarla diaqnostika mərkəzlərinin, xəstəxanaların ölkə vətəndaşlarına xidmət göstərdiyi xüsusilə vurğulanmışdır.
Eyni zamanda Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bildirmişdir ki, hazırda Rayon Mərkəzi Xəstəxanası, təcili tibbi yardım şöbəsi, poliklinika, yeddi kənd xəstəxanası, üç həkim ambulatoriyası, əlli doqquz tibb məntəqəsi və qırx doqquz feldşer-mama məntəqəsi rayon sakinlərinin xidmətindədir. Bununla yanaşı qeyd edilmişdir ki, rayon rəhbərliyi tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşan  laçınlı məcburi köçkünlərlə keçirilən çoxsaylı görüşlər zamanı, səhiyyəyə aid qaldırılan problemlər araşdırılaraq yerli səhiyyə orqanlarının köməyi ilə yerindəcə həllinə köməklik olunmuş, rayon üzrə imtiyazlı xəstələr hər ay pulsuz dərman preparatları ilə təmin edilmişlər.
  Tədbirdə çıxış edən digər səhiyyə işçiləri də onlara yaradılan normal iş şəraitindən razılıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı müdrik və çevik siyasət sayəsində növbəti peşə bayramlarının ata-baba yurdları Laçında və işğaldan azad ediləcək digər ərazilərimizdə qeyd edəcəklərinə əminliklərini bildirmişlər.

Keçidlər