Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 15 İyun - Milli Qurtuluş gününü yüksək bayram sevinci ilə qeyd etdilər.

13 iyun 2015 | 15:00

15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 2015-ci il 13 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir. Çoxsaylı  tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası  qarşısındakı büstünü ziyarət etmiş, büstün önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər. Sonra tədbir Taxtakörpü  qəsəbəsindəki Heydər Parkında davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə  başlayan tədbiri giriş sözü ilə açan  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 1997-ci ildən  xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi dövlət səviyyəsində qeyd edilən bu əlamətdar bayram münasibəti ilə  və 2015-ci il 12 iyun tarixdə hamı tərəfindən böyük sevinclə qarşılanan Bakıda Birinci Avropa Oyunlarının açılışı ilə bağlı  rayon sakinlərini təbrik etmiş, bu tarixi günlərin müasir tariximizə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Natiq öz  çıxışında müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə həmin illərdə ölkəmizi düçar olduğu vətəndaş müharibəsindən, xaos və anarxiyadan, tarixi nailiyyətimiz olan dövlət müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən xilas edildiyini bildirməklə, insanlarda yaşamaq əzminin yüksəldiyini, ölkədəki özbaşınalığa son qoyulduğunu, qanunsuz silahlı birləşmələrin ləğv edilərək dövlət çevrilişlərinin qarşısının alındığını bildirmişdir. Natiq  torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldığını, cəbhədə atəşkəsə nail olunmaqla Ermənistan - Azərbaycan, Dağlıq  Qarabağ  münaqişəsinin həlli üçün möhkəm ordu quruculuğunun daha da təkmilləşdirildiyini və bütün diplomatik vasitələrin işə salındığını qeyd etmişdir. Bununla yanaşı tədbir iştirakçılarının nəzərinə  çatdırılmışdır ki, Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə  ölkəmizdə mühüm iqtisadi islahatlar həyata keçirilmiş,  xalqımızın milli sərvəti olan neft amilindən məharətlə istifadə olunaraq dünyanın aparıcı dövlətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, ölkəmizdə aparılan iqtisadi islahatlarla yanaşı siyasi inkişafı da nəzarətdə saxlayan Ulu öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyası 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş, respublikamızda bir çox demokratik və sivil cəmiyyət quruculuğunun fundamental əsasları formalaşdırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov çıxışında xüsusilə vurğulamışdır ki, 24 illik şərəfli yol keçən müstəqil Azərbaycan dövləti bu gündə Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edərək regionda və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmiş, dövlət müstəqilliyinin sarsılmazlığını və əbədiliyi təmin edilmiş, ölkəmizin bütün sahələrində iqtisadi-siyasi yüksəlişə və tərəqqiyə nail olunmuş, ölkədə məcburi köçkünlərə olan diqqət və qayğı daha da artırılmış, laçınlıların məskunlaşdıqları ərazilərdə də yeni qəsəbələr salınaraq onların yaşayış səviyyəsi xeyli yaxşılaşdırılmışdır.
            Tədbir Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivlərinin ifasında səsləndirilən rəngarəng musiqi nömrələri ilə davam etdirilmişdir. Tədbir rayon sakinlərində yüksək bayram əhval-ruhiyyəsi yaratmışdır.

Keçidlər