Xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi qeyd edilmişdir
24 aprel 2012-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxta-körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi qeyd edilmişdir.
Yubiley tədbiri iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstünü və şəhidlərin xatirə kompleksini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Sonra rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Sultan bəy və Xosrov bəy qardaşlarının həyat və qəhrəmanlıq yollarından bəhs edən fotostendə baxış keçirilmiş, iştirakçılara "Xalq qəhrəmanı Sultan bəy" kitabı, "Laçın" qəzetinin Sultan bəyin 140 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı təqdim olunmuşdur.
Yubiley tədbiri rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tərəfindən açıq elan edildikdən sonra Sultan bəyin və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Sultan bəy haqqında videofilm nümayiş etdirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov son illər Prezident İlham Əliyevin dəstəyi ilə Laçın rayonunun 85 illik, rayonun qocaman təhsil ocaqlarından olan Minkənd məktəbinin 120 illik yubileylərinin keçirilməsinin, bu gün isə Sultan bəyin anadan olmasının 140 illiyinin qeyd olunmasının hər bir laçınlı tərəfindən razılıqla qarşılandığını bildirmişdir.
Həmçinin, dövlət müstəqilliyimiz ikinci dəfə bərpa edildikdən sonra keçmişin obyektiv mənzərəsi, tariximizin qaranlıq qalmış bir çox səhifələrinin yenidən öyrənilməsinə imkan yarandığını vurğulamaqla, Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də və 1998-ci il martın 26-da imzaladığı fərmanlar azərbaycanlıların ermənilər tərəfindən deportasiya və soyqırımlara məruz qalmasına hüquqi-siyasi qiymət verən ilk rəsmi sənəd olduğunu qeyd etmiş, bu tarixi missiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə geniş surətdə təbliğ olunduğunun , ata-baba torpaqlarımızı xarici havadarların köməyi ilə işğal edən erməni millətçilərinin mənfur siyasətinin dünya ictimaiyyətinə cəsarətlə çatdırılaraq daim ifşa olunduğunu bildirmişdir.
Tədbirdə "Xalq qəhrəmanı Sultan bəy" kitabının müəllifi, tarix elmləri doktoru Şikar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Aqil Abbas, Ağcabədi və Xocavənd rayon icra hakimiyyətlərinin başçıları Şahin Məmmədov və Eyvaz Hüseynov çıxış edərək, XX əsrin əvvəllərindəki ictimai-siyasi hadisələrdən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətindən, xalq qəhrəmanı Sultan bəyin 1918-1919-cu illərdə Qarabağdakı yaşayış məntəqələrimizin Andronikin daşnak ordusundan mühafizə olunmasından, xüsusilə erməni millətçilərinin Laçında, Zabux dərəsində məğlub edilərək geri oturdulmasında göstərdiyi müstəsna xidmətlərindən danışmışlar.
Yubiley mərasimində çıxış edən Sultan bəyin nəvəsi, Bakı Metropoliteninin baş mühəndisi, Azərbaycan Respublikasının əməkdar mühəndisi Elbrus Muradov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Tədbirdə rayonun ümumtəhsil məktəblərində "Sultan bəy erməni işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanıdır" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin, qəhrəmanın 140 illik yubileyi münasibətilə rayonda təşkil olunmuş atçılıq və taekvondo idman növü üzrə yarışların qaliblərinə diplom və digər mükafatlar verilmişdir.
Tədbir Taxtakörpü ərazisindəki Heydər Əliyev parkında respublikanın tanınmış musiqiçilərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir.