Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir

31 mart 2023 | 12:07

     Hər il olduğu kimi  mart ayının son günləri ölkəmizin bütün bölgələrində 31 mart  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  tədbirlər təşkil olunur,  soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılaraq  yad  olunur.

     Bununla bağlı 2023-cü il martın 31-də Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə  və təşkilatlarının fəaliyyət göstərdiyi, həmçinin rayon sakinlərinin sıx şəkildə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü qəsəbəsində anım tədbiri keçirilmişdir. Qəsəbədə “Şəhidlərin xatirə kompleksi” qarşısında keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, qazilər və müharibə veteranları habelə çoxsaylı rayon ictimaiyyəti nümayəndələri  iştirak etmişdir. Tədbirdə iştirakçılar tərəfindən əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilərək, əbədi məşəlin alovlandığı “Şəhidlərin xatirə kompleksi”nə tər qərənfillər düzülmüşdür.

     Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının 200 ilə yaxın bir dövrü əhatə edən soyqırımı siyasəti sırasında 1918-ci il 31 Mart soyqırımı  öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. Vurğulanmışdır ki,  tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Qeyd olunmuşdur ki, təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən  qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, sonrakı günlərdə  Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmiş,  50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

      Xüsusilə vurğulanmalıdır  ki, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur.

    Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin  30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Həmçinin,  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı  ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi önəm daşıyır.

     Bədnam ermənilərin 200 illik tarix boyunca təkcə Azərbaycana deyil, bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürdüyü və “böyük Ermənistan” yaratmaq iddiasında olduğu, təcavüzkar siyasətinin qarşısının məharətlə alınması onların və havadarlarının mənfur niyyətlərini tamamilə puç etmişdir.

Keçidlər