Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ döyüşçülərinin görüşü keçirildi.

27 may 2015 | 15:00

Laçın rayonunun Mişni kəndindən olan Qarabağ müharibəsi döyüşçüləri 2015-ci il 24 may tarixdə Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində 23 ildən sonra bir araya gəldilər. Sahil qəsəbəsində “Dörd qardaş” sarayında baş tutan bu tədbir Vətənə qayıdış ruhu üzərində təşkil olunmuşdu.
   Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir açıq elan edildi.
    Qeyd olundu ki, Qarabağ müharibəsində Laçın rayonunun Mişni kəndindən 84 nəfər olmaqla Laçın Rayon Polis şöbəsinin və Milli Ordunun tərkibində Laçın, Kəlbəcər, Ağdərə, Füzuli rayonları ərazisində amansız döyüşlərdə iştirak etmiş, onların da iştirakı ilə Laçının 80-dən çox, Ağdərənin Qızılqaya kəndi, Füzuli rayonunun Horadiz qəsəbəsi və digər kəndləri ermənilərdən azad edilmiş, bu döyüşlərdə onların hər biri xüsusi  qəhrəmanlıqlar göstərmişlər. Həmin döyüşlərdə Mişni kənd sakinlərindən 4 nəfəri - Ərəstun Kərimov, Vüqar Əmiraslanov, Habil Həsənov, Vüqar Aslanov şəhid olmuş, 20-dən çoxu yaralanmışdır.
    Tədbirdə çıxış edən şəhid övladı Sahil Kərimov Milli Ordunun zabiti olmuş atası Ərəstun Kərimovun Vətən uğrunda şəhidlik zirvəsinə ucaldığını qeyd edərək, onun qanının yerdə qalmayacağına əminliyini bildirdi.
    Laçın Rayon Polis şöbəsinin tərkibində döyüşən Mişni kənd sakini Zöhrab Alıyev Fizuli rayonu ərazisində gedən döyüşlərdə göstərdiyi şücaətə görə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir. Ayrı-ayrı döyüşlərdə düşmənə qan udduran Laçın Rayon Polis şöbəsinin tağım komandiri Elşad Qarayevin xidmətləri də misilsiz olmuşdur. Ağır döyüşlərdə dəfələrlə qəhrəmanlıq göstərmiş Elşad Qarayev avtomobil qəzasında faciəli şəkildə həlak olsada onun şücaətindən bu gün də fəxarətlə danışılır.
    Bildirildi ki, işğal altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün qorunmasının təmin olunması hər Azərbaycan vətəndaşının ümdə borcudur. Bu baxımdan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun “Hər laçınlı ailəsindən orduya bir zabit” devizinin əhəmiyyətini vurğulayan döyüşçülər bu məsələ ətrafında öz fikir və mülahizələrini bildirmiş, bu təşəbbüsü yüksək qiymətləndirmişlər. Hamılıqla vurğulandı ki, yeniyetmə və gənclərin ali hərbi məktəblərə və hərbi liseylərə istiqamətləndirilməsi ilə bağlı  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun 2013-cü ildə irəli sürdüyü təşəbbüsə də laçınlılar bu gün öz töhfələrini verirlər.
    Tədbirdə iştirak edən hər bir döyüşçü  döyüş xatirələrindən danışmış, hamı bir nəfər kimi Ali Baş Komandan cənab İlham Əliyevin lazım bildiyi istənilən anda döyüş əmrinə hazır olduqlarını qətiliklə vurğulayaraq müharibənin ön sıralarında olacaqlarını, qələbə gününün çox da uzaqda olmadığına bir daha  əminliklərini bildirdilər.
    Sonda  xatirə şəkli çəkdirildi.

Keçidlər