Şriftin ölçüsü :

Saytın rəngi :

BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Laçınlı məcburi köçkünlərlə görüşmüşdür

17 aprel 2012 | 15:00

16 aprel 2012-ci il tarixdə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurtson Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxta körpü ərazisindəki məcburi köçkünlərlə görüşmüşdür. Laçın Rayon İcra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tərəfindən qarşılanan qonaqlar əvvəlcə rayon icra hakimiyyətində yerli hakimiyyət orqanları ilə görüş keçirmişdir. Görüş zamanı Rayon rəhbəri Ramiz Cəbrayılov Laçının işğalının 20-ci ildönümü ərəfəsində Laçınlı məcburi köçkünlərlə görüşə gələn BMT rəsmisinə məlumat verərək bildirmişdir ki, 127 yaşayış məntəqəsi olan, hazırda isə ermənilərin işğalı altında saxlanılan Laçın rayonunda bir dənə də olsun erməni yaşayış məntəqəsi, erməni millətinin nümayəndəsi yaşamamışdır. Ancaq, buna baxmayaraq, ötən əsrin 90-cı illərində Azərbaycanın digər əraziləri ilə bərabər Laçın rayonu da erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 300 nəfərdən çox rayon sakini şəhid olmuş, 100-lərlə insan əlil və şikəst edilmiş, 10-la uşaq bir və ya iki valideynini itirmişdir. BMT rəsmisinə bildirilmişdir ki, rayonun bütün yaşayış məntəqləri ermənilər tərəfindən yandırılaraq darmadağın edilmiş, qədim tarix və mədəniyyət abidələri vandalizm siyasətinə məruz qalmışdır. Ümumilikdə rayona 7 milyard ABŞ dolları miqdarında ziyan vurulmuşdur. Eyni zamanda bildirilmişdir ki, doğma yurdlarından didərgin salınmış laçınlılar hazırda respublikanın 58 rayonunda, 80-dən artıq yaşayış məntəqəsində məskunlaşmışdır. Daim dövlət və ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunan laçınlılar üçün ölkənin müxtəlif ərazlərində yaşayış evləri tikilərək istifadələrinə verilmişdir. Belə yaşayış massivlərindən biri də 2011-ci ilin 24 dekabrında ölkə Prezidenti cənab İlham Əliyevin şəxsən iştirakı ilə açılışı olan bütün infrastruktura malik 552- ailəlik Taxta körpü yaşayış qəsəbəsidir. Sonra BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurtson Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov ilə birlikdə yeni istifadəyə verilmiş laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta körpü qəsəbəsində olmuş, uşaq bağçaları, məktəb, poliklinkanın fəaliyyəti ilə yaxından tanış edilmiş, qəsəbədə məskunlaşmış köçkün ailələrlə görüşərək onların yaşayış şəraiti ilə yaxından tanış olmuşdur. Eyni zamanda BMT rəsmisi ərazidəki Vağazin obasında və Ağcabədi şəhərindəki Texniki Peşə Məktəbinin yataqxanasında məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşmüş, onların yaşayış şəraiti ilə də yaxından maraqlanmışdır. Keçirilmiş görüşlər zamanı məcburi köçkünlər dövlət səviyyəsində onara göstərilən qayğıdan razılıqlarını bildirməklə yanaşı heç zaman ata-baba yurdlarını unutmadıqlarını, laçına qayıdacaqları günü səbrsizliklə gözlədiklərini bildirmişdilər. Həmçinin köçkünlər təəssüflə qeyd etmişlər ki, hələ də BMT tərəfindən qəbul edilmiş 4 qətnamə yerinə yetirilməmiş, Laçının, eləcə də digər rayonlardakı yaşayış məntəqələrinin adları dəyişdirilmiş, həmin ərazilərdə xarici ölkələrdən gətirilmə hesabına məskunlaşma siyasətinə başlanılmışdır ki, bu da bir çox beynəlxalq təşkilatların gözləri qarşısında həyata keçirilir. Bütün görüşlərdə BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev və digər dövlət rəsmiləri də iştirak etmişlər.

Keçidlər