Laçın Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə növbəti görüşləri-səyyar qəbulları Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindəki yaşayış məntəqəsində və Taxtakörpü ərazisindəki Mişni obasında keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüşləri-səyyar qəbulları 13 may 2015-ci il tarixdə 45 nəfərin iştirakı ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindəki yaşayış məntəqəsində Laçın rayonunun Qarakeçdi kəndindən olan məcburi köçkünlərlə, daha sonra isə 75 nəfərin iştirakı ilə Laçın rayonunun Mişni kəndindən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü ərazisindəki Mişni obasındakı Mişni kənd tam orta məktəbin binasında keçirilmişdir. Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindəki yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış Laçın rayonunun Qarakeçdi kəndindən olan məcburi köçkünlərlə görüş-səyyar qəbul zamanı onların torpaqdan istifadə ilə bağlı məsələləri yerindəcə həll edilmişdir. Sakinlər bu məsələnin həllini görə rayon rəhbərliyinə minnətdarlıq bildirmişlər.
Günün ikinci yarısı növbəti görüş-səyyar qəbul Mişni obasında keçirilmişdir. Mişni obasında Mişni kənd tam orta məktəbinin həyətində Mişni kəndindən olan Qarabağ müharibəsi döyüşçülərinin xatirəsinə inşa olunmuş abidənin önünə gül-çiçək dəstələri qoyulmuş, onların keçdiyi döyüş yollarından danışılmışdır. Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Mişni kənd orta məktəbinin yetişdirdiyi ziyalıların fəaliyyətindən razılığını bildirmiş, rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü işlərdən söz açmış, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər barədə geniş məlumat vermişdir.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 6 nəfərin müraciəti ətraflı dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Hər iki görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev də iştirak etmişdir.