Ağcabədi şəhərində Peşə Məktəbinin yataqxanasında müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirildi.
12 may 2015-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Ağcabədi şəhərində Ağcabədi Peşə Məktəbinin yataqxanasında müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirdi. Görüş-səyyar qəbulda 90 nəfər iştirak edirdi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ötən il ölkəmizdə və rayonda görülmüş işlərdən, məcburi köçkünlərin davamlı olaraq dövlət qayğısı ilə əhatə olunmasından, onların ardıcıl şəkildə müvafiq Dövlət Proqramlarına əsasən yeni mənzillərlə təmin olunmasından və qarşıda duran vəzifələrdən geniş söhbət açaraq ətraflı məlumat verdi. Görüşdə çıxış edən məcburi köçkünlər Ölkə başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Məcburi köçkünlərlə görüşdən sonra səyyar qəbul keçirilərək 12 nəfərin müraciətləri dinlənildi. Səyyar qəbulda müraciət edən məcburi köçkünlər Peşə Məktəbinin yataqxanasında müvəqqəti məskunlaşmış Laçın rayonundan olan köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, elektrik enerjisi və içməli su təchizatı, məktəb təmiri məsələləri barədə və digər mövzularda təkliflər irəli sürərək bu məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Vətəndaşların həmin müraciətlərinə müvafiq qaydada baxılması üçün Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən aidiyyəti üzrə lazımi tapşırıqlar verildi.
Görüş-səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 44 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşərək məktəbdəki təhsil prosesinin keyfiyyəti ilə maraqlandı.
Görüş-səyyar qəbul Peşə Məktəbinin yataqxanasında məskunlaşan məcburi köçkünlər tərəfindən razılıq hissi ilə qarşılandı.