“ Azərbaycanın əbədi inkişaf yolu Heydər Əliyev yoludur”.
Respublikamızın hər yerində olduğu kimi, laçınlılar tərəfindən də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə əlaqədar Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Tədbirlər Planına uyğun olaraq, rayonun idarə, müəssisə və təşkilatlarında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, ümumtəhsil məktəblərində, səhiyyə və mədəniyyət müəssisələrində tədbirlər keçirilmiş, Ulu öndərin həyat və fəaliyyətinə aid stendlər hazırlanmış, ümumtəhsil məktəblərində VII- IX -XI sinif şagirdləri arasında “Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti” və ” Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzularında inşa yazı, mədəniyyət şöbəsində “Yolumuz Heydər yolu bu yol vətənə doğru” mahnı, rəsm və bədii qiraət üzrə müsabiqələr, rayon gəncləri arasında cüdo, taekvando, şahmat, futbol və voleybol idman növləri üzrə yarışlar keçirilmişdir.
Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Ümummilli liderin büstü və ərazidəki “Heydər Parkı”nda abadlıq və yaşıllaşdırma işləri aparılmış, rayonun ümumtəhsil məktəblərində birinci dərs məşğələlərinin Heydər Əliyevin irsinin öyrənilməsinə həsr olunması təmin edilmişdir.
9 may 2015-ci il tarixdə isə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Taxtakörpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə geniş tədbir keçirilmişdir.
Yığıncaqdan əvvəl çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Taxtakörpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin büstü ziyarət olunaraq önünə əklil və gül dəstələri qoyulmuşdur. Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında davam etdirilmişdir.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov “ Azərbaycanın əbədi inkişaf yolu Heydər Əliyev yoludur” mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının bir dövlət kimi bu günkü mövcudluğunun 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı olduğunu xüsusilə qeyd etmiş, həmçinin 2003-cü ildən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam etdirildiyi və dövrün tələbləri baxımından inkişaf etdirilərək ölkəmizin bütün sahələrində möhtəşəm nailiyyətlər əldə olunduğunu vurğulamışdır.
Məruzə ətrafında çıxış edənlər əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin geniş biliyə malik olmasını, xalqına hədsiz məhəbbətini və insanlara daim xeyirxahlıq hissi ilə yanaşmasını dərin məhəbbətlə xatırlamışlar.
Tədbirdə çıxış edən rayon ziyalıları Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasını, ölkə başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və daim laçınlılar tərəfindən də dəstəkləndiyini qeyd etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin vətəndaşı olduqlarından qürur duyduqlarını və iftixar hissi keçirdiklərini bildirmişlər. Eyni zamanda bildirilmişdir ki, bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xeyirxahlığı, insanpərvərliyi onun övladları və nəvələri tərəfindən daha geniş şəkildə davam etdirilir. Heydər Əliyev ocağının yetirməsi olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsi, tərəqqisi və dünyada tanıdılması istiqamətindəki yorulmaz fəaliyyəti isə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Tədbirində çıxış edənlər, ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı apardığı qətiyyətli və prinsipial siyasətin tezliklə bəhrə verəcəyini, bütün qaçqın və məcburi köçkünlərin işğaldan azad edilərək ata-baba yurdlarına dönəcəklərinə əminliklərini bildirmişlər.
Sonra tədbirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilmiş cüdo, taekvando, şahmat, voleybol, futbol yarışlarının qalibləri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmış, Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.