Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər Birliyi tədbir keçirmişdir.
07 may 2015-ci il tarixdə Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər Birliyi tərəfindən rayon təşkilatının konfrans zalında tədbir keçirilmişdir.
Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov gənclərlə birlikdə Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbirdə hakim partiyanın rayon təşkilatının gənc fəalları və rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak edirdilər. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal Həsənov açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönüm ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə ətrafında olan çıxışlarda bildirilmişdir ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq olmazdı. Həmçinin bildirilmişdir ki, olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
Eyni zamanda bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın maraqlarını üstün tutan, fəaliyyətini xalqın istəkləri üzərində quran, ölkəmizin inkişafında, müasir siyasi sistemin formalaşmasında mühüm rol oynayan aparıcı və yeganə partiyadır.
Tədbirdə digər çıxış edən gənclər Ulu öndərimiz Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmağın onlar üçün fəxr və qürur hissi ilə bərabər, həmçinin də böyük bir məsuliyyət olduğunu bildirmişlər.
Tədbir Azərbaycan Dövlət Televiziyası tərəfindən videolentə alınmışdır.