Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Kitab Bayramı – 2015” adlı tədbiri keçirilmişdir.
05 may 2015-ci il tarixdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Kitab bayramı” adlı tədbiri keçirilmişdir.
Tədbiri Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ofeliya Şükürova açaraq “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat vermiş, Azərbaycan mədəniyyətinə xüsusən kitabxana-informasiya sahəsinə göstərilən dövlət qayğısından danışaraq Mədəniyyət və Turizm Nazirliyinin və Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə ilboyu keçirilmiş tədbirlərdən ətraflı məlumat vermişdir. O, həmçinin tədbirlər planının icrasından söz açaraq Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun kənd filialları tərəfindən kitab sərgiləri təşkil olunduğunu, oxucu konfransları, kitab müzakirələri, müxtəlif görüşlər, tematik gecələr, ziyalılar və müharibə veteranları ilə görüşlər keçirildiyi barədə də ətraflı məlumat vermişdir. 20 Yanvar faciəsinin 25-cü ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” adlı ədəbi bədii kompozisiya, Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı “Əsrin faciəsi” adlı tədbir, 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə “Ömrümüzün bəzəyi, başımızın tacı qadınlar” adlı tədbir keçirilməsini xüsusi ilə qeyd etmişdir. Bundan əlavə Mərkəzləşdirilmiş Kitabxana Sistemi xətti ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə təntənəli tədbirlər keçirildiyi bildirilmişdir.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Cabir Əvəzzadə çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun adından tədbir iştirakçılarını “Kitab Bayramı” münasibətilə təbrik etmiş, rayonda kitab bayramı keçirilməsinin artıq ənənə halını almasını yüksək qiymətləndirmiş, kitab sevərlərə öz tövsiyələrini vermişdir.
Kitab bayramında çıxış edən digər kitab sevərlər müasir texnologiyaların və informasiyanın geniş yayılmasına baxmayaraq, bədii ədəbiyyata rayon sakinlərinin arasında böyük marağın olduğu qeyd olunmuş, belə tədbirlərin keçirilməsinin gənc nəslin kitaba marağının yönəldilməsində böyük rolu olduğu bildirilmişdir.
Tədbirdə rayon məktəbliləri vətənpərvərlik ruhunda şerlər söylədilər, Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı rəngarəng musiqi nömrələri tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratmışdır. Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ən fəal oxucularına isə Rayon Mədəniyyət və Turizm Şöbəsinin Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olunmuşdur.