“31 Mart Azərbaycanlıların soyqırımı günü” ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir
31 mart 2012-ci il tarixdə Laçın rayon icra strukturlarının idarə və müəssisələrin müvəqqəti fəaliyyət göstərdikləri Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində “31 Mart Azərbaycanlıların soyqırımı günü” ilə bağlı ümumrayon mərasimi keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri, ərazidə məskunlaşmış sakinlər, müəssisə, təşkilat kollektivləri və məktəblilər qəsəbədə şəhidlərin əziz xatirəsinə ucaldılmış Xatirə kompleksini ziyarət etmiş, önünə tər qərənfillər düzmüş, Soyqırıma məruz qalmış xalqımız və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir rayon İcra hakimiyyəti inzibati binasının iclas zalında davam etmişdir. Tədbiri rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Cəbrayılov açıq elan etdikdən sonra 31 mart 1918-ci ildə, eləcədə sonrakı dövrlərdə erməni faşizmi tərəfindən soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayonun rəhbəri Ramiz Cəbrayılov çıxış edərək erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən bu ağır cinayətin xronologiasına diqqət çəkmiş, 1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələrinin Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlının qətlə yetirdiyini, 10 minlərlə soydaşlarımızın ata-baba torpaqlarından deportasiya olunduqlarını bildirmişdir. Eyni zamanda o, çıxışında həmin illərdə xalq qəhrəmanı Sultan bəy və Xosrov bəy qardaşlarının rəhbərliyi altında laçınlıların erməni generalı Andronikin Zəngəzura hücumlarının qarşısının qətiyyətlə alındığını, bununla da ermənilərin Bakıda birləşməklə “Böyük Ermənistan” kimi dövlət yaratmaq planlarının puç edildiyi qeyd olunmuşdur. Rayon rəhbəri xüsusilə qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin soyqırım və deportasiya ilə bağlı imzaladığı tarixi fərmanlar və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan ardıcıl siyasət sayəsində erməni məkrinin iç üzü açılaraq, bu mənfur siyasət beynəlxalq aləmdə ifşa olunmuşdur.
Tədbirdə 1918-ci il 31 mart soyqırımı həqiqətlərini, faciənin miqyası və mahiyyətini özündə əks etdirən geniş məruzə dinlənilmiş, bunun erməni millətçiləri tərəfindən insanlığa qarşı törədilmiş analoqu olmayan terror aktı olması qeyd edilmişdir. Bununla yanaşı son illər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şovinist erməni planlarına qarşı yeridilən düzgün və konstruktiv siyasətin xalqımızda möhkəm inam yaradığı, habelə artıq Azərbaycan xalqının etibarlı müdafiəçisi olduğu və xalqımıza qarşı bu dəhşətli soyqırımı törədən qüvvələrin nə qədər mövcud olsa belə onlara qarşı mübarizə aparmaq qabiliyyətinə malik güclü dövlətimizin olduğu bildirilmişdir.
Tədbirdə Qarabağ müharibəsi zamanı yaxınlarını itirmiş, erməni vəhşiliyinin şahidi olan rayon sakinləri çıxış etmiş, bu faciələri ürək ağrısı ilə xatırlamış, dünyanın əksər dövlətlərinin erməni vəhşiliklərinə hələdə ikili standartlardan yanaşmasına, bu qətliamlara siyasi qiymət verilməməsinə etirazlarını bildirmiş, erməni vəhşiliyini və qəddarlığını qətiyyətlə pisləmişlər.