Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Müstəqillik Günüdür. 28.05.2025

28 may 2025 | 12:36

               28 May Azərbaycan xalqının tarixində ən böyük əhəmiyyət kəsb edən əlamətdar bir gündür. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə,  uzun illərdən bəri  arzusunda olduğu azadlığına qovuşdu. Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsi kimi 107 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və fəaliyyət göstərməsində Azərbaycanın tərəqqipərvər siyasi elitası - Məhəmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Xosrov bəy Sultanovun və başqalarının böyük xidmətləri olmuşdur. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara bərabər  hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratdı. Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi.

          O da tarixi həqiqətdir ki, ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz.  Hələ sovet dönəmində   Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirərək, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının  yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdi.         1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görməsi sayəsində  ölkədə davamlı ictimai-siyasi sabitlik  bərqərar edildi.

            Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ili tamam olur. Ötən illərdən fərqli olaraq dördüncü  ildir ki, 28 May - Azərbaycanın müstəqilliyi gününü ərazi bütövlü,  suverenliyimizin  bərpa olunduğu bir şəraitdə qeyd edirik.

           Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmaqla həmin ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının parlaq təzahürü kimi mühüm əhəmiyyət kəsb etdi.

         Bu gün ulu öndər ideyaları  onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamı, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Cənab Prezidentin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

        Fərəhli haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümlərini xalqımız  qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı, həmçinin  2023-cü ilin sentyabrında isə təxminən bir gün  ərzində    ölkəmizin  bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsini təmin edən  lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrini  diz çökdürərək  təslim olmağa məcbur  etməklə tariximizə qızıl hərflərlə yazılacaq növbəti qələbəyə imza atdı. 

          Azərbaycanın növbəti hərbi-siyasi qələbəsi kimi  tarixə düşən  bu şanlı Qələbədən  bütün xalqımız kimi  laçınlılar da   qürur duyur, iftixar hissi keçirirlər.

           Həmçinin, minnətdarlıq hissi ilə onu da qeyd edirik ki,   28 May günü laçınlılar üçün ikiqat bayramdır. Məhz 28 may 2023-cü il tarixdən başlayaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir duası ilə laçınlı köçkünlərin 30 illik yurd həsrətinə son qoyularaq onların Laçın şəhərinə, rayonun Zabux, Sus və Bəylik kəndlərinə   “Böyük Qayıdışı”na başlanmış, ərazidə geniş quruculuq işləri davam etməkdədır.

           Bütün bunlar  isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərməklə əminliklə söyləməyə əsas verir ki müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.

Keçidlər