Laçınlılar arasında tibbi müayinə uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi Ağcabədi rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin də tibbi müayinədən keçirilməsi uğurla həyata keçirilir.
Laçın rayon əhalisinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanı müvəffəqiyyətlə yerinə yetirmək üçün Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın qərarına uyğun olaraq Rayon Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, qrafiki tərtib olunaraq işi təşkili məqsədilə aidiyyəti rayon təşkilatlarına lazımi tapşırıqlar verilmişdir.
Respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin tibbi müayinəsi onların yaşadıqları ərazidəki tibb müəssisələri tərəfindən aparılmışdır. Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində aparılan tibbi müayinənin isə bir qəsəbəni və səksən dörd obanı əhatə etmişdir.
Poliklinikada Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış 10 min nəfərdən çox sakinin müayinə olunması nəzərdə tutulmuşdur. Bu günədək həmin ərazidə 41 idarə, müəssisə kollektivi də daxil olmaqla 3475 nəfər sakin müayinə edilmişdir.
Bundan başqa iki həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilmişdir. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunmuşlar. Rayon sakinləri həkim heyətindən, yaradılan şəraitdən razılıq edərək bu aksiyanın əhalinin sağlamlığına göstərilən qayğı kimi yüksək qiymətləndirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıq hissi ilə qarşılanmışdır.