Böyük Vətən müharibəsində Qələbənin 70 iliiyi ilə əlaqədar Laçın rayonunun Vağazin kənd 2 nömrəli tam orta məktəbində tədbir keçirilmişdir.
“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli, 1060 nömrəli Sərəncamı bütün respublikamızda olduğu kimi rayonumuzda da uğurla icra olunur.
Rayon İcra Hakimiyyəti başçısı aparatında “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” hazırlanaraq Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, aidiyyəti olan idarə və müəssisələrə göndərilmişdir. Rayon üzrə ölkəmizin ayrı-ayrı bölgələrində müvəqqəti məskunlaşmış Böyük Vətən Müharibəsi iştirakçılarının siyahısı bir daha dəqiqləşdirilmiş, 15 nəfər Böyük Vətən Müharibəsi iştirakçısının yeni siyahısı tərtib edilmişdir. Tədbirlər Planına əsasən rayonun ümumtəhsil müəssisələrində Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşlərin keçirilməsi nəzərə tutulmuşdur.
Belə görüşlərdən biri də 24 aprel 2015-ci il tarixdə rayonun Vağazin kənd 2 nömrəli tam orta məktəbində keçirilmişdir. Kənd sakini, Böyük Vətən Müharibəsi iştirakçısı Quliyev Alıqulu İbrahim oğlunun iştirakı ilə keçirilən tədbiri açıq elan edən məktəbin direktoru Gülməmmədov Möhsüm Əbülfət oğlu Böyük Vətən Müharibəsindən söz açaraq, bu qələbənin əldə edilməsində ölkəmizin verdiyi töhfələrdən danışmış, rayonun, eyni zamanda kəndlərinin də bu müharibədə xeyli insanla təmsil olunduğunu bildirmişdir. Müharibə veteranı Alıqulu Quliyev Prezidenti İlham Əliyevin, həmçinin rayon rəhbərliyinin onlara olan diqqət və qayğısından danışaraq, məktəblilərə daima Vətəni sevməyi, onun uğrunda həmişə mübariz olmağı tövsiyə etmişdir. Həmçinin o, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımıza qayıdacağımıza əminliyini də bildirmişdir.
Çıxış edənlər Böyük Vətən Müharibəsi iştirakçısı Alıqulu Quliyevə məktəb kollektivi ilə görüşdüyü üçün öz təşəkkürlərini bildirmişlər. Görüş məktəblilər tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır.