Laçın rayonu üzrə 2015- ci ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
2015-ci il 16 aprel tarixdə 2015-ci ilin birinci rübündə Laçın rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı 180 nəfərin iştirakı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
İclasdan əvvəl qəsəbə ərazisində salınmış parkda iştirakçılar tərəfindən ağac və gül kolları əkildi. Daha sonra yığıncaq iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin ucaldılmış büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzməklə, hörmət və ehtiramlarını bildirmişlər.
Şura iclasında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat dinlənilmiş, Taxtakörpü qəsəbəsində abadlıq işlərinin, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin davam etdirildiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Taxtakörpü ərazisində mövcud olan çınqıl örtüklü avtomobil yollarının 14 kilometr hissəsində təmir işləri aparılmış, Fingə obasında 4,4 kilometr uzunluğunda çınqıl örtüklü avtomobil yolu çəkilmişdir. Obalarda içməli su şəbəkəsində yararsız hala düşmüş su xətlərinin 850 paqometr hissəsi yenisi ilə əvəz olunmuş, Mişni obasında su nasosu əsaslı təmir edilmişdir. Məcburi köçkünlərin məskunlaşdığı 84 oba və 2 qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 0,4 kv-luq elektrik hava xətlərində yararsız hala düşmüş 2000 metr naqil yenisi ilə əvəzlənmiş, Qarakeçdi, Mayis, Quşçu, Vağazin obalarında transformatorlar əsaslı təmir olunmuşdur. Rüb ərzində “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən iməciliklərdə ərazidə 3 minə yaxın ağac əkilmişdir. Hazırda Mişni və Qarıqışlaq obalarında yeni modul tipli su təmizləyici qurğunun tikintisinin davam etdirildiyi bildirilmişdir.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədi ilə 2015-ci ilin birinci rübü ərzində Rayon İcra Hakimiyətinin başçısı Akif Səlimov tərəfindən 7 şəhər və rayonda 9 səyyar qəbul keçirilmiş, 935 nəfərin iştirak etdiyi bu qəbullarda 120 nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 225 nəfər rayon sakini qəbul edilərək onların müraciətləri dinlənilmişdir.
Məruzə və məruzə ətrafında edilən çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmamazlıqlar da qeyd olunmuş, 2015-ci ildə qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələrə əsasən qamış və daxal evlərdə məskunlaşmış ailələr üçün 1500 evin tikilməsi, ərazidə geniş abadlıq və quruculuq işlərinin aparılması, Qayğı qəsəbəsindən 552 ailəlik qəsəbə istiqamətində yolun hər iki tərəfində genişləndirilməsi, obalarda olan qəbiristanlıqların, mərkəzi yolların, körpülərin təmiri, Qayğı qəsəbəsində gündəlik tələbat və ərzaq satışı üçün həftəlik bazarın tikilməsi qarşıda duran vəzifələrdəndir. Gündəlik məsələ ətrafında Rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev, Rayon Vergilər şöbəsinin rəisi Fariz Zeynallı, Qozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ədalət İsmayılov, Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Yusif Hüseynov çıxış etmiş, ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadilələri aparılmışdır. İclasın sonunda qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul edilmişdir.
Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Aqşin Əliyev iştirak etmiş, qarşıda duran vəzifələrlə bağlı öz tövsiyələrini vermişdir.