Bahar bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir
16 mart 2012-ci il tarixdə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində Laçın rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Novruz” bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən bütün bayramlarda olduğu kimi ənənəvi olaraq “Novruz” bayramı münasibətilə ərazidə məskunlaşmış laçınlı məcburi köçkünlərə gətirilmiş bayram sovqatı köçkünlərə paylanılmış, qəsəbə sakinlərinə bir ədəd xeyir-şər mağarı hədiyyə olunmuşdur.
Sonra bayram tədbiri qəsəbədəki klub icma mərkəzinin qarşısında davam etdirilmişdir. Milli musiqi sədaları altında “Novruz” tonqalı yandırılan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxış edərək bütün rayon sakinlərini bayram münasibətilə təbrik etmiş, onlara növbəti bayram tədbirlərini ata-baba yurdlarında qeyd etmələrini arzulamışdır. Rayon rəhbəri çıxışında xüsusilə vurğulamışdır ki, laçınlılar üçün yüksək bayram əhval-ruhiyyəsi hələ 2011-ci ilin dekabrında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Taxta körpü ərazisində inşa olunmuş 552 ailəlik qəsəbənin açılışına gəlişi və laçınlı məcburi köçkünlərlə tarixi görüşü zamanı başlanmışdır. Bildirilmişdir ki, bu gündə hər bir laçınlı məcburi köçkün o xoş təəssüratlar altında yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin çıxışında ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində son illər ölkəmizin regionda lider dövlətə çevrilməsi, sürətli sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifah halının yüksəlişi, artan hərbi qüdrəti, diplomatiya sahəsində əldə olunan möhtəşəm uğurları ətraflı qeyd etmiş, bunun sayəsində tezliklə işğal altındakı tarixi torpaqlarımızın azad olunacağına qəti əminlik bildirmişdir.
Bayram tədbiri respublikanın gənc, tanınmış müğənnilərinin iştirakı ilə davam etdirilmişdir. Onların ifasında səsləndirilən rəngarəng musiqi nömrələri, habelə “Novruz” bayramının yumoristik obrazları, keçəl və kosanın şən zarafatları və müxtəlif oyunları tədbir iştirakçılarında xoş bayram əhval-ruhiyyəsi yaratmışdır.
Bayram tədbirində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparat rəhbəri Asif Cahangirov, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşı Polad Zeynalov iştirak etmişlər.
Bununla yanaşı bayram münasibətilə Beyləqan, İmişli, Kürdəmir, Sabirabad rayonlarında və Şirvan şəhərində məskunlaşmış 500-dən çox laçınlı məcburi köçkün ailəsi ilə görüş keçirilmiş, onlara Laçın rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına ərzaq bağlamasından ibarət bayram sovqatı paylanılmışdır.