27 Sentyabr - Anım Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir
2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğalçılardan azad edərək dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə hərb tariximizə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi.
Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında ölkə Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq artıq üçüncü ildir ki, 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu münasibətlə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanmış və silsilə tədbirlər həyata keçirilmişdir.
Cari ilin 27 sentyabr- Anım Günü ilə əlaqədar laçınlı köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində Şəhidlərin Xatirə Kompleksi qarşısında keçirilən ümumrayon tədbirində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, YAP fəalları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Anım tədbirində, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğu, xalqımızın qəhrəman övladları ilə qürur duyulduğu, xüsusilə qeyd olunaraq, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, ruhlarına dualar oxunmuş, Şəhidlərin Xatirə kompleksi önünə gül dəstələri düzülmüşdur.
Tədbirdə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə, həmçinin 2023-cü ilin 18-19 sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan qəhrəman oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan iftixar hissi ilə danışılaraq, onların hər birinin bir qəhrəman olduğu və bu gün hər kəsin onlarla fəxr etdiyi, qürur duyduğu bildirilmişdir.
Xüsusilə vurğulanmışdır ki, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 3 il əvvəl Vətən Müharibəsi zamanı cəmi 44 gün ərzində Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq xalqımıza möhtəşəm Qələbə sevinci yaşatdı. Bunun davamı olaraq 2023-cü ilin sentyabrında isə təxminən bir gün ərzində ölkəmizin bütün ərazisində Konstitusiya qurluşunun bərpa edilməsini təmin edən lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrinə aid 10 mindən çox qüvvəsi, 200-dən çox texnikası olan separatçı-terrorçuları cəmi 24 saat ərzində diz çökdürərək təslim olmağa məcbur etməklə tariximizə qızıl hərflərlə yazılacaq növbəti qələbəyə imza atdı.
Azərbaycanın növbəti hərbi-siyasi qələbəsi kimi tarixə düşən bu şanlı Qələbədən bütün xalqımız kimi laçınlılar da qürur duyduğu, iftixar hissi keçirdiyi qeyd olunmuş, bu tarixi Zəfərlə dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətini və haqq işi uğrunda mübarizəsini bütün dünyaya nümayiş etdirməklə nəinki erməni separatçılarına, eləcədə onların havadarlarına ən tutarlı cavab olduğu qürurla qeyd edilmişdir..
Hər birinə yaşatdığı sonsuz Qələbə sevincinə görə Azərbaycan Respublikanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və şanlı Ordumuza dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirən laçınlılar, dövlət başçısının siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində Qarabağ bölgəsində həllini gözləyən məsələlərin nəzərdə tutulduğu kimi yerinə yetiriləcəyiinə, ölkəmizin suverenliyinin əbədi olaraq təmin ediləcəyinə əminliklərini ifadə etmişlər.
Daha sonra saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanmışdır. Bütün tədbirlərdə iştirak etmələrindən mənmunluq hissi keçirdiklərini qeyd edən şəhid ailələri və qazilər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.