27 Sentyabr - Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. 27.09.2026
27 Sentyabr 2020-ci il tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq iz qoyan və qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılan unudulmaz və şərəfli zəfər tarixinin başladığı gündür.
Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində igid və qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, Azərbaycan xalqı böyük xalq kimi torpaqlqrının azadlığı uğrunda hər cür şücayət göstərməyə qadirdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz, xalqımızın və dövlətimizin sarsılmaz birliyinə arxalanaraq cəmi 44 gün ərzində işğalçı Ermənistan üzərində qazandığı möhtəşəm Zəfərlə 30 illik işğala son qoyması müasir tariximizin ən parlaq səhifələrindəndir. Xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 6 il ötür.
Laçın Rayon İcra Hakimiyyəti başçısının “27 Sentyabr - Anım Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 16.09.2026-cı il tarixli 5-64/3-3-137/2026 nömrəli sərəncamına əsasən Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin əməkdaşları 2026-cı il 21-26 sentyabr tarixlərdə 44 Günlük Vətən Müharibəsİ şəhidlərinin ailələrini ziyarət etmiş, onların qayğı və problemləri ilə yaxından maraqlanmışlar. Eyni zamnda 27 sentyabr - Anım Günü ilə bağlı ötən həftə ərzində Laçın rayonunun bütün ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq müxtəlif səpkili tədbirlər təşkil edilmişdir.
Ölkəmizin bütün bölgələrində olduğu kimi Laçın rayon sakinlərinin sıx məskunlaşdığı, Laçın rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində 44 günlük Vətən Müharibəsi şəhidlərinin şərəfinə salınmış “Zəfər” parkında 27 sentyabr Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin adlarının əbədiləşdiyi, şəkillərinin həkk olunduğu memorial abidə önünə tər güllər düzərək şəhidlərin əziz xatirəsini böyük ehtiramla yad etdilər. Sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli şəhidlərimizə uca Tanrıdan rəhmət, onların ailələrinə səbr diləmişdir. Rayon rəhbəri çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayaraq, şəhid ailələri, müharibə əlilləri və veteranlarına həmişə olduğu kimi bu gün də dövlət tərəfindən göstərilən diqqət və qayğının tükənməz olduğunu bildirmişdr.
Tədbirdə çıxış edən şəhid valideynləri qəhrəman övladlarının xalqımızın qəlbində əbədi yaşayacağına, daim hörmət və ehtiramla yad olunacağına əminliklərini vurğulayaraq, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərdikləri hərtərəfli diqqət və qayğıya görə tükənməz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə digər çıxış edənlər də ölkə başçısının Anım Gününün dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd edərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində bu tarixi günün xüsusi əhəmiyyətindən danışıblar.
İgid və qəhrəman şəhidlərimizin fədakarlığı heç zaman unudulmayacaqdır. Müqəddəs şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!






