27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilmişdir.
2020-ci il 27 sentyabr tarixdə Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlamış, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğalçılardan azad etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə hərb tariximizə qızıl hərflərlə yeni səhifə yazdı.
Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında ölkə Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq artıq dördüncü ildir ki, 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Bu münasibətlə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cari ilin 27 sentyabr- Anım Günü ilə əlaqədar laçınlı köçkünlərin müvəqqəti məskunladığı Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində Şəhidlərin Xatirə Kompleksi qarşısında ümumrayon tədbiri keçirilmişdir. Təbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, YAP fəalları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Anım tədbirində, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, ruhlarına dualar oxunmuş, xalqımızın qəhrəman övladları ilə daim qürur duyulduğu, qeyd olunaraq, Şəhidlərin Xatirə kompleksi önünə tər qərənfillər düzülmüşdür.
Tədbirdə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə, həmçinin 2023-cü ilin 18-19 sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan qəhrəman oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan iftixar hissi ilə danışılaraq, onların hər birinin bir qəhrəman olduğu və bu gün hər kəsin onlarla fəxr etdiyi, qürur duyduğu bildirilmişdir.
Xüsusilə vurğulanmışdır ki, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 4 il əvvəl Vətən Müharibəsi zamanı cəmi 44 gün ərzində Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq xalqımıza möhtəşəm Qələbə sevinci yaşatdı. Bunun davamı olaraq 2023-cü ilin sentyabrında isə təxminən bir gün ərzində ölkəmizin bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsini təmin edən lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrinə aid 10 mindən çox qüvvəsi, 200-dən çox texnikası olan separatçı-terrorçuları cəmi diz çökdürərək təslim olmağa məcbur etməklə tariximizə qızıl hərflərlə yazılacaq növbəti qələbəyə imza atdı.
Azərbaycanın növbəti hərbi-siyasi qələbəsi kimi tarixə düşən bu şanlı Qələbədən bütün xalqımız kimi laçınlılar da qürur duyduğu, iftixar hissi keçirdiyi qeyd olunmuş, bu tarixi Zəfərlə dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətini və haqq işi uğrunda mübarizəsini bütün dünyaya nümayiş etdirməklə nəinki erməni separatçılarina , eləcədə onların havadarlarına ən tutarlı cavab olduğu qürurla qeyd edilmişdir.
Hər birinə yaşatdığı sonsuz Qələbə sevincinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və şanlı Ordumuza dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirən laçınlılar, dövlət başçısının siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində Qarabağ bölgəsində həllini gözləyən məsələlərin nəzərdə tutulduğu kimi yerinə yetiriləcəyinə, ölkəmizin suverenliyinin əbədi olaraq təmin ediləcəyinə əminliklərini ifadə etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanmışdır. Bütün tədbirlərdə iştirak etmələrindən mənmunluq hissi keçirdiklərini qeyd edən şəhid ailələri və qazilər dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi rayon ictimaiyyəti ilə birlikdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin.