5 mart Bədən tərbiyəsi və idman günü ilə bağlı tədbirlər keçirilmişdir
Laçın rayon İcra Hakimiyyəti və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə 5 mart Bədən tərbiyəsi və idman günü ilə bağlı Bakı şəhəri və Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən rayonun bir sıra tam orta məktəblərində iki yaş qrupu üzrə oğlan və qızlar arasında şahmat, stolüstü tennis, həmçinin Ağcabədi rayonu ərazisində laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbədə yeni istifadəyə verilmiş məktəbin idman zalında voleybol, habelə ərazidəki mini-futbol meydançasında komandalar arasında yarışlar keçirilmiş, 5 mart tarixində isə Taxta-körpü qəsəbəsində iki yaş qrupu üzrə oğlan və qızlar arasında kross və 100 metr məsafəyə qaçış təşkil edilmişdir.
Keçirilmiş idman yarışları ilə bağlı tədbirlər 5 mart tarixində Taxta-körpü qəsəbə tam orta məktəbinin idman zalında yekunlaşdırılmışdır.
Yekun tədbirində iştirak edən rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri M. Şahbazov, rayon Gənclər və idman idarəsinin rəisi N. Mustafayev və digər iştirakçılar rayonun yeniyetmə və gənclərini, eləcədə idman ictimaiyyətini 5 mart-Bədən tərbiyəsi və idman günü münasibəti ilə təbrik etmiş, çıxışlarında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə ildən ilə idmanın inkişafı istiqamətində görülmüş işlərdən ətraflı danışmış, bu sahədə əldə olunmuş uğurlu nəticələri xüsusilə qeyd etmişlər. Eyni zamanda bildirilmişdir ki, Respublika Prezidentinin təşəbbüsü ilə 2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi, idmanın inkişafına və idmançılara olan diqqət və qayğının təzahürü olmaqla, ölkəmizin idman ictimaiyyəti ilə yanaşı laçınlı idmansevərlər tərəfindən də rəğbətlə qarşılanmışdır.
Sonda keçirilmiş yarışların qaliblərinə və rayonun fəal idmansevərlərinə rayon Gənclər və idman idarəsinin fəxri diplomları və qiymətli hədiyyələri verilmişdir.