26 İyun - Silahlı Qüvvələr günüdür.
Azad və müstəqil Azərbaycan Respublikasının bu gün regionda dayanıqlı sülhün, sabitliyin bərqərar olması və qorunmasının təminatçısına çevrilməsindəki ən mühüm səbəblərindən biri heç şübhəsiz, onun qüdrətli Ordusu və yüksək peşəkarlıqla təşkil olunmuş ordu quruculuğudur. Məlum olduğu kimi, Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğunun ilk addımları atıldı. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.
XX əsrin sonlarında müstəqilliyini yenidən qazanan ölkəmiz ordu quruculuğunda yeni mərhələyə qədəm qoydu. 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi və Ümummilli Liderimiz varislik prinsipini əsas götürərək 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü elan etdi.
Tariximizin şanlı səhifəsi sayılan bu gün, 106-cı ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün qalib Ordumuza göstərdiyi diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclə və peşəkar Ordusu hesab olunur. Möhtərəm Prezident, cənab Ali Baş Komandanın 28 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmışdır.
Torpaqlarımızın erməni işğalından azad olunması məqsədilə aparılan 44 günlük hərbi əməliyyatlar zamanı qazandığımız şanlı zəfər, igidlərimiz göstərdiyi rəşadət tarixə Zəfər dastanı olaraq yazıldı. Şəhidlərimizin qəhrəmanlığı, hərbçilərimizin qorxmazlığı bütün dünyaya səs saldı. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanında hərbi parad qəbul etməklə, Novruz tonqalını alovlandırmaqla Xalq, Dövlət, Ordu birliyinin təcəssümü olan Böyük Qələbəni təsdiqlədi. İşğaldan azad olunmuş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusu bu gün bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə yerinə yetirilməsinə və işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən Böyük Qayıdışa öz layiqli töhfələrini verir.
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman uca tutur, dərin hörmət və ehtiramla yad edirik.






