26 Avqust - Laçın şəhəri günü yüksək sevinclə qeyd olunur.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.
Əvvəllər Abdallar adlanan Laçın inzibati ərazi vahidi, 1924-cü ildən şəhər statusu alaraq 1930-cu ildən rayonun inzibati mərkəzinə çevrilmişdir. XX əsrin tanınmış Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adı şəhərə verilmişdirki, burada “Laçın” sözü “məğrurluq” mənasındadır.
Heç təsadüfi deyildir ki, böyük strateji əhəmiyyətə malik bir rayon kimi tarix boyu torpağımıza göz dikənlər üçün Laçın “Qarabağn qara qapısı” , düşmənə göz dağı olub.
Ulu Öndərimiz Heydər Əliyev bu ərazinin tarixi, strateji əhəmiyyətini belə dəyərləndirirdi: “Azərbaycanın müstəqilliyi, ərazisinin qorunması nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir”.
Xüsusilə o da qeyd olunmalıdır ki, Ümummilli Liderimiz Heydər Əliyev 1969-cu ildə Respublikaya rəhbərliyə gələndən sonra Laçın rayonunun iqtisadi-sosial inkişafı diqqət mərkəzinə gətirilərək 1971-ci ildə “Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında” , eləcə də “Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” respublika hökumətinin qəbul etdiyi qərarlar Laçın şəhərinin və kəndlərinin inkişafına böyük təkan verdi. Tezliklə Laçın şəhəri təbii qaz yanacağı ilə təchiz edildi ki, bu da Laçının nadir meşə ehtiyatlarının qorunmasında əvəzsiz rol oynadı. Ən qıssa müddət ərzzində ucqar dağ kəndlərinə rahat yol çəkildi, rayon mərkəzi ilə kəndləri arasında bütün istiqamətlərdə avtobus marşrutları açıldı. Şəhərdə müasir tipli kino-teatr, orta məktəb, avtovağzal, yaşayış evləri tikilib istifadəyə verildi. Rayonda geniş təhsil və səhiyyə şəbəkəsi yaradıldı.
Eyni zamanda Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ilin avqust ayının 6-da Azəırbaycan KPMK bürosu “Laçın şəhərinin 50 illiyi haqqında” qərar qəbul edilməsi isə laçınlılar tərəfindən bu gün də böyük iftixar hissi ilə xatırlanır.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonun əhalisi etnik təmizləməyə məruz qalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşmüş, işğal nəticəsində ərazidə aparılmış talan-qarətlə yanaşı 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Uzun illər aparılmış məqsəyönlü siyasətin nəticəsi olaraq 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülməklə otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə başladı. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin Laçın rayonuna mütəmadi səfərləri zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyulmuşdur. Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilməklə yanaşı ərazidə çoxmənzilli binaların tikilməsi, şəhərə xüsusi gözəllik verir.
2023-cü il Mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 552 ailəyə,Zabux kəndi 217 ailəyə, Sus kəndi isə 59 ailəyə qucaq açaraq cəmi 3069 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi ölkə başçısı cənab İlham Əliyevə minnətdalıq hisiilə qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərinə qayıdışdan qürur və sevinc hissi keçirirlər.