31 mart azərbaycanlıların soyqırımı günü Laçınlı köçkünlər tərəfindən anılmışdır.
31 mart 2015-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta körpü qəsəbəsində geniş rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə azərbaycanlıların soyqırımı günü ilə bağlı ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə laçınlılar “Şəhidlərin xatirə kompleksi”ni ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam etdirilmişdir. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra, Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı mərasim iştirakçılarına məlumat vermiş və erməni millətçiləri tərəfindən xalqımıza qarşı keçirilən soyqırım və təcavüz siyasətinə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hüquqi qiymət verildiyini bildirmişdir. Eyni zamanda rayon rəhbəri qeyd etmişdir ki, erməni millətçilərinin törətdiyi soyqırım kimi cinayətləri dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatları tərəfindən tanınmasına Prezident İlham Əliyevin ölkədə apardığı çoxşaxəli siyasət sayəsində nail olunmuşdur. Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri də Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalmalarını, doğma yurdlarından sürgün edilmələrini və didərgin salınmasını XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələri olduğunu bildirmişlər. Lakin hazırda Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə və tezliklə torpaqlarımıza qayıdacaqlarına əminliklərini bildirmişlər.