Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ofeliya Şükürovaya fəxri fərman təqdim edildi.
1958-ci il avqust ayının 30-da Laçın şəhərində anadan olmuş Şükürova Ofeliya Mürsəl qızı 1976-cı ildən Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət şöbəsində böyük kitabxanaçı vəzifəsində işləmiş və N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunda qiyabi təhsil almış, 1980-ci ildən 2008-ci ilə qədər Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini vəzifəsində işləmişdir. O, 2008-ci ildən bu günə qədər Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsində fəaliyyətini davam etdirir. Ofeliya Şükürova 1990-cı ildə sabiq Mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən Kitabxana İnformasiya sahəsində səmərəli işlədiyi üçün fəxri fərmanla təltif edilmişdir. O, 2009, 2011, 2012-ci illərdə də səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tərəfindən yenidən Mədəniyyət Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2012-ci ildə Laçın İcra Hakimiyyəti və Mədəniyyət Şöbəsi tərəfindən də iş fəaliyyətinə görə fəxri fərmanlara layiq görülmüşdür.
Ofeliya Şükürova Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2015-ci il 5 mart tarixli 123 nömrəli müvafiq əmri ilə “Kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətinə” görə Nazirliyin fəxri fərmanı ilə təltif edilmişdir. Həmin fəxri fərman rayon ictimaiyyəti nümayəndələrinin iştirakı 2015-ci il 29 mart tarixdə öz sahibinə təqdim olundu. Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ofeliya Şükürovanı təbrik edərək ona işlərində uğurlar və Laçınlı günlər arzuladı. Rayon İctimaiyyətinin nümayəndələri bu təqdimatı və təbriki sürəkli alqışlarla qarşıladılar.