Laçınlı şəhid ailələri, müharibə veteranları Novruz bayramı münasibətilə təbrik olunmuşdur.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon təşkilatı Novruz bayramı ərəfəsində Laçın rayonundan olan bir qrup şəhid ailəsi, müharibə veteranı və əlilləri ailələrinə baş çəkərək onları bayram münasibətilə təbrik edib, maddi yardım göstəriblər.
İlk olaraq 1992-ci ildə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Bakir İbrahimov və Qüdrət İbrahimovun ailələrinə baş çəkən təşkilat üzvləri şəhid ailələrinin vəziyyəti ilə yaxından maraqlanıblar. Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Babək Aslanov bu kateqoriyadan olan ailələrin daima dövlətimizin diqqətində olduğunu vurğulayaraq qeyd etdi ki: ” Dövlətimiz hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görür. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və Fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu gün bura gəlməkdə məqsədimiz bizimlə birlikdə çiyin - çiyinə döyüşərək şəhid olmuş, sağlamlıqlarını itirərək əlil olan döyüş yoldaşlarımızın ailələrinə baş çəkmək xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə təbrik etməkdir. Belə əziz bir gün də Sizlərlə birlikdə bayram sevinci yaşamaq bizim üçün fəxrdir. Qeyd etməyi özümə borc bilirəm ki, Akif Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra bu diqqət və qayğı daha da artıbdır. Ötən il Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində tikilən mərasim evi Akif Səlimovun yaxından dəstəyi nəticəsində bizim cəmiyyətimizin balansına verilmiş və bu dəstək bundan sonrada davamlı olacaqdır ” .
Şəhid Bakir İbrahimovun anası Kübra İbrahimova, qardaşı Səfiqulu İbrahimov , şəhid Qüdrət İbrahimovun həyat yoldaşı Səfurə İbrahimova müharibə veteranı, I qrup əlil Rafiq Hacıyev, şəhid Rza Sadıqovun anası Şəfiqə Sadıqova, şəhid Vüqar Abdullayevin anası Mirvari Abdullayeva və başqaları onlara göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıq edərək vurğuladılar ki, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən razılıqla qarşılanır.