Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.

18 mart 2015 | 16:00

18  mart 2015-ci  il  tarixdə  Ağcabədi  rayonunun  Taxtakörpü  qəsəbəsində  Laçın  Rayon  İcra  Hakimiyyətinin,  Rayon   Mədəniyyət və Turizm Şöbəsinin  birgə  təşkilatçılığı  ilə Novruz  bayramı  şənliyi  keçirilmişdir.
Bayram şənliyi məcburi köçkünlər üçün salınmış 552 ailəlik qəsəbədə atlıların  cəngi  sədaları altında yandırdığı bayram tonqalı ilə başlamışdır. Tədbirdə qurulmuş  tonqal ətrafında Azərbaycan xalqının qədim tarixi adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyatlar boxçaları, həmçinin Novruz bayramının simvollarından olan səməni də yer almışdır. Bayramla əlaqədar Laçın rayon Tarix-Diyarşünaslıq muzeyi tərəfindən tarixi eksponatlardan ibarət sərgi təşkil olunmuşdur. Sərgidə tarixi məişət əşyalarının - nehrə, cəhrə, daraq, səhəng, kuzə, kilim və sair sərgisi ilə bərabər müxtəlif əmək məşğuliyyətlərini tamaşaçılara göstərən səhnəciklər qurulmuşdur. Bu səhnəciklərin bəzilərində cəhrədə ip əyirilir, bəzisində daraqda yun daranır, isti sacda qovurğa qovurulur, yuxa yayılır, milli geyimli qızlar şənliyin iştirakçılarına və bayrama dəvət olunmuş qonaqlara Novruz şirniyyatları paylayırdılar. El şənliyi Respublikanın Əməkdar artisti Məhəbbət Kazımovun “Laçınım” mahnısının  səsləndirilməsi ilə başlamışdır.
Təntənəli bayram  şənliyində iştirak edən Laçın  Rayon  İcra  Hakimiyyətinin başçısı Akif  Səlimov bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruz  bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətta Azərbaycanın Sovet hakimiyyətinin  əsarəti  altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına  qoyulan qadağalara  baxmayaraq,  xalqımızın bu el şənliyini daim qeyd etməsindən söhbət açmışdır. Rayon rəhbəri xüsusilə qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin  istər Sovet  dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi  zaman  milli mənəvi dəyərlərimizin  inkişafına yüksək diqqət və qayğı  ilə yanaşılmış, adət-ənənələrimizin  yaşadılması istiqamətində əməli tədbirlər  görülmüşdür.  Həmçinin, bildirilmişdir ki, həmin dövrlərdən başlayaraq, Novruz bayramının qeyd edilməsi  ümumxalq səviyyəsinə yüksəldilmişdir. Rayon İcra Hakimiyyətinin  başçısı Akif Səlimov eyni zamanda  bildirmişdir ki, xalqımızın milli adət-ənənələrinə  möhtərəm Prezidentimiz cənab  İlham Əliyev yüksək diqqət  və  həssaslıqla yanaşır, bu bayramın  dövlət  səviyyəsində  keçirilməsinə geniş  şərait  yaratmışdır. Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında həmçinin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi hərtərəfli qayğının  da xalqımız tərəfindən rəğbətlə qarşılandığını qeyd etmişdir. Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi  torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə,  bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək  rayonlarımızda  yandırılacağına qəti əminliyini bildirmişdir.
Sonra   tədbir  respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin  iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng  musiqi nömrələri qəsəbə  sakinlərində yüksək  bayram əhval ruhiyyəsi yaratmışdır.

Keçidlər