Beynəlxalq Qadınlar Günü qeyd olunub
Azərbaycan qadını hər zaman Şərq qadınına məxsus iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında çox mühüm rol oynayıb. Əsrlər boyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, övladlarımızın milli ruhda tərbiyə olunması, Vətənə məhəbbət ruhunda yetişdirilməsi kimi şərəfli bir işi üzərlərinə götürüb və bunun öhdəsindən layiqincə gəliblər.
Bu fikirlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Laçın rayonunda keçirilən bayram tədbirində səsləndirilib. Keçirilən tədbirdə rayon İcra Hakimiyyətində çalışan bir qrup fəal qadınlar iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev qadınlara həmişə xüsusi diqqət və qayğı göstərib. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı mühüm fərman və sərəncamlar imzalanıb, qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb, Azərbaycan Qadınlarının I Qurultayı keçirilib, dövlət qadın siyasətinin reallaşdırılmasına başlanılıb.
Bildirilib ki, qadınlarımız müasir dövrdə də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvədir. İndi Azərbaycan qadını dövlət idarəçiliyində, təhsil, elm, səhiyyə sahələrində fəal iştirak edir, yüksək vəzifələrdə çalışır, seçkili orqanlarda, Milli Məclisdə, bələdiyyələrdə təmsil olunurlar.
Sonda tədbirdə iştirak edən xanımlara hədiyyələr və gül dəstələri təqdim edilib.