Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində görüşü-səyyar qəbulu keçirilmişdir.
06.03.2015-ci il tarixində Bakı şəhər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun Bakı şəhərində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə növbəti görüşü - səyyar qəbulu keçirilmişdir.
Laçınlı məcburi köçkünlər üçün inşa edilmiş mərasim evində 300 nəfərə yaxın sakinin işitrakı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak etmişlər.
Çıxışının əvvəlində tədbirdə iştirak edən qadınları qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edən rayon rəhbəri qeyd etmişdir ki, demokratiya yolu ilə inkişaf edən müstəqil Azərbaycan Respublikasında gender bərabərliyi bu gün yüksək səviyyədə təmin edilmişdir. Günü – gündən inkişaf edən və çiçəklənən respublikamızda qadınların əməyi heç də kişilərinkindən az deyil. Həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilmişdir. Cəmiyyətin formalaşmasında əhəmiyyətli rola malik olan Azərbaycan qadınının qarşısında duran ən mühüm vəzifələrdən biri vətənpərvər övladlar böyüdüb tərbiyə etməkdən ibarətdir. Çünki, biz müharibə şəraitində yaşayırıq, iyirmi ildən çoxdur ki, torpaqlarımız işğal altındadır və biz yalnız və yalnız sıralarında vətənpərvər insanların üstünlük təşkil etdiyi qüdrətli Azərbaycan ordusunun sayəsində o yerlərə qayıdacağıq. Bu gün Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev cənabları torpaqlarımızın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün nə lazımdırsa edir. Bu sahədə biz vətəndaşların da üzərinə düşən vəzifələr var və çalışıb o vəzifələri layiqincə yerinə yetirməliyik ki, dövlətimizin ərazi bütövlüyü tezliklə təmin edilsin. Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyətinin orduya olan münasibəti yaxşı mənada dəyişmişdir. Hər bir valideyn əmindir ki, övladının ordu sıralarında normal qaydada xidmət keçməsi üçün dövlətimiz tərəfindən hər bir lazımi şərait yaradılmışdır. Bu müsbət dəyişiklik bizim rayonda da aydın şəkildə hiss olunmaqdadır. İki il öncə irəli sürdüyümüz “ Hər evdən orduya bir zabit verək” təşəbbüsü rayon sakinləri tərəfindən yekdilliklə müdafiə olundu. Əgər birinci il rayonumuzdan ali hərbi məktəblərə qəbul olunanların sayı 4 nəfər idisə, ikinci il 12 nəfər oldu. Əminik ki, növbəti illərdə bu rəqəm daha yüksək olacaq. Artıq bu istiqamətdə işlərimizi səmərəli şəkildə davam etdiririk.
Bu gün Azərbaycan dövləti və Prezident İlham Əliyev cənabları qaçqın və məcburi köçkünlərə ən yüksək səviyyədə qayğı göstərir. Artıq bu qayğının nəticəsi olaraq bu il laçınlı məcburi köçkünlər üçün daha 1500 evin tikintisi həyata keçiriləcəkdir. Sakinlərimizin iş şəraitinin yaxşılaşdırılması üçün də xeyli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ancaq biz Ali Baş Komandanımızın rəhbərliyi altında yaxın vaxtlarda öz doğma torpaqlarımıza qayıdacaq və ən böyük quruculuq işlərini orada həyata keçirəcəyik.
Görüş başa çatdıqdan sonra səyyar qəbul keçirildi. Səyyar qəbulda 30 nəfər vətəndaşın müraciətləri dinlənildi. Hər bir müraciət diqqətlə dinlənildi və icrası üçün aidiyyəti üzrə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verildi və icrası nəzarətə götürüldü.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.