Laçınlı el aşığı Aşıq Cabbar “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.
Cabbarov Cabbar Qasım oğlu 1950-ci il avqust ayının 20-də Laçın rayonunun Ağbulaq kəndində anadan olmuşdur. O, 1957-ci ildə Ağbulaq ibtidai sinfinə daxil olmuş, 1967-ci ildə qonşu Minkənd kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, 1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuş, həmin institutu əla qiymətlərlə başa vuraraq 1973-cü ildə Maarif Nazirliyinin təyinatı ilə Laçın rayon Maarif şöbəsinin sərəncamına göndərilmiş, ordan isə ehtiyaca görə doğulduğu Ağbulaq kəndindəki 8 illik məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir.
1972-ci ildə respublika üzrə keçirilən “Oxu tar” festivalında qaliblər şurasına çıxaraq İnstitutun Həmkarlar Komitəsinin fəxri fərmanı ilə mükafatlandırılmışdır.
Müstəqil Azərbaycan Respublikasının qurucusu və Ulu Öndərimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi gündən hazıra kimi öz sazıyla dövlətimizə, xalqımıza çoxillik səmərəli fəaliyyəti misilsiz xidmətləri ilə seçilən Sarı Aşıq məktəbinin davamçısı, 1977-ci ildə ilk dəfə Laçın rayon “İşıqlı” aşıqlar ansamblın yaratmış, hazırkı dövrə kimi “bədii rəhbəri” olan Aşıq Cabbar fəaliyyətini davam etdirir.
Aşıq Cabbar Laçın rayonunda indiyə kimi 20-yə qədər ustad, 40-dan artıq gənc aşıq yetişdirmişdir. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. IV Aşıqlar qurultayının iştirakçısı olmuşdur.
26 dekabr 2010-cu il tarixdə Aşıq Cabbarın 60 illik yubley tədbiri Taxtakörpü qəsəbəsində təntənəli surətdə qeyd edilmişdir.
2014-cü ildə Aşıq Cabbarın yaradıcılığı qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.