Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

21 fevral 2015 | 16:00

21 fevral 2015-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2014-cü ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək düzmüş, 2014-cü ildə rayonun sosial-iqtisadi göstəriciləri əks olunmuş stendlərə baxmışlar.

Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məruzəsi dinlənilmişdir. Məruzədə ötən ildə də ölkəmizin dinamik inkişafının Möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi və yüksək nailiyyətlərin əldə olunduğu yığıncaq iştirakçılarının diqqətinə çatdırılmaqla 2014-cü ildə laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüldüyü diqqətə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, hesabat ilində Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işləri davam etdirilmiş, Qaradağ rayonu Ümid qəsəbəsində yeni salınmış qəsəbədə  7 saylı tam orta məktəb üçün müasir məktəb binası, Şirinqum adlanan ərazidə əhaliyə tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə Malıbəy obasında  müasir standartlara cavab verən Malıbəy tibb məntəqəsi inşa olunaraq əhalinin istifadəsinə verilmiş, Hacısamlı, Şeylanlı-2 nömrəli  tam orta məktəblərinin hər birində  bir sinif otağı tikilmiş, Qarakeçdi 1 nömrəli, Qarıqışlaq, Fingə, Nurəddin, Sadınlar, Quşçu, Aşağı Cicimli və Pirdinar  tam orta məktəblərində əsaslı, Vağazin 1 və 2  nömrəli, Qarakeşdi 2 nömrəli, Hacılar, Qazıdərə və Qışlaq kənd tam orta, Şəlvə, Aran, Qazaxlar kənd umumi orta, Baş Küngüt ibtidai məktəbləri cari təmir olunmuşdur. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə  Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən Çıraqlı kənd  tam orta məktəbi əsaslı təmir edilmişdir.  Mərkəzi rayon Xəstəxanasının, Mədəniyyət və Turizm şöbəsinin inzibati binasının fasadı aqlay tavalarla üzlənmiş, Poliklinika şöbəsində əsaslı, Alxaslı, Şəlvə, Qarıqışlaq və Ağbulaq kənd xəstəxanalarında cari təmir işləri aparılmışdır. Qayğı qəsəbəsinin sifarişi ilə  4 saylı körpələr evi- uşaq bağçası  təmir olunmuş, Heydər Əliyev prospektində  2015 m2 istinad divarı, 392 m2 dayaq divarı hörülmüş, 1399 m beton bardür düzülmüş, 3233 m2   aqlay örtüklü  səki, 1374 m uzunluğunda metal konstruksiyalı  dekorativ məhəccər  tikilmişdir. Yeni istifadəyə verilmiş səkinin gecə işıqlandırılmasını təmin etmək məqsədi ilə  hündürlüyü 8 m olan 24 ədəd  işıq dirəyi quraşdırılmışdır. Taxtakörpü qəsəbəsində  cari təmirə ehtiyacı olan  iki evdə təmir işləri aparılmış, onkoloji xəstə Mədət Abbasova əlavə bir otaq, Katos  obasında məskunlaşmış əlil  Əliyeva Hicran Əmirxan qızına bir otaqlı ev tikilərək  onların istifadəsinə verilmişdir. Qayğı qəsəbəsində II qrup əlil Boran Alməmmədovun və qəsəbə sakini  Üzeyir Əsədovun, Qoşasu obasında şəhid ailəsi Tərlan Cəbrayılovanın evi əsaslı təmir olunmuş,  Dünyaya Baxış Beynəlxalq Humanitar təşkilatının maliyyə dəstəyi ilə  Taxta körpü qəsəbəsində  kollektorun üzərində piyadaların hərəkəti üçün  metal konstruksiyadan ibarət körpü salınmışdır.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, onların həlli yollarından danışılmışdır. Bildirilmişdir ki, 2015-ci ildə laçınlı məcburi köçkünlər üçün 1500 evin inşa olunması, Şeylanlı, Fingə, Qarakeçdi və Sadınlar obalarında çınqıl örtüklü yolların salınması, 552 ailəlik qəsəbənin telefonlaşdırılması, əlavə su xəttinin çəkilməsi, Mişni və Qarıqışlaq obalarında modul tipli sutəmizləyici qurğuların, Taxtakörpü qəsəbəsində muzey və idman kompleksinin tikintisi qarşıda duran vəzifələrdəndir.

Yığıncaqda həmçinin Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün istifadəyə veriləcək qəsəbədəki sosial obyektlərin laçın rayonundan olan məcburi köçkünlərin istifadəsinə verilməsi, Taxtakörpü ərazisində yaşayan məcburi köçkünlərə yaşayış evlərinin tikintisinin sürətləndirilməsi  məcburi köçkünlərə heyvandarlıq təsərrüfatının yaradılması üçün kreditlərin verilməsi ilə bağlı təkliflər səsləndirilmişdir.İclasda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev yığıncaqda çıxış etmişdir.                         

Sonda təhsil, səhiyyə, idman, sahibkarlıq sahəsindəki səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup rayon sakininə fəxri fərman və hədiyyələr, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər