Laçınlı məktəblilər Quba Soyqırımı Memorial Kompleksində oldular
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Buzovnada yerləşən Laçın rayonu Quşçu kənd orta məktəbinin şagird və müəllimləri, xarici tələbələr, könüllülər və Fondun əməkdaşlarından ibarət qrup Qubada səfərdə olub.
Məktəbliləri Quba rayonundakı Heydər Əliyev Mərkəzinin müdiri Elza Orucova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Əfəndiyev və Bilik Fondunun yerli nümayəndəsi, 3 saylı tam orta məktəbin direktoru Sara Ağayeva qarşılayıblar. Əvvəlcə Qubadakı Heydər Əliyev Mərkəzinə gedən məktəblilər və tələbələr burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və sənədlərlə tanış olublar.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən klub üzvləri ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolarla tanış olduqdan sonra 31 mart soyqırımı haqqında sənədli filmə baxıblar. Kompleksin nümayəndəsi Səidə Abbasova Azərbaycan tarixinin bu dəhşətli səhifələri haqqında ətraflı məlumat verib. Xarici tələbələr kompleksin ərazisində yerləşən kütləvi məzarlıqda gördükləri mənzərədən təsirləndiklərini deyiblər.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin sonunda imzaladığı Sərəncama əsasən, erməni vəhşiliyinin yaddaşlardan silinməməsi üçün Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
Səfər iştirakçıları dağ yəhudilərinin Azərbaycanda kompakt yaşadığı Qırmızı Qəsəbədə də olublar.