2 fevral - Azərbaycan gəncləri günü laçınlı gənclər tərəfindən qeyd olundu.
31 yanvar 2015-ci il tarixdə Taxta körpü qəsəbəsində “2 fevral- Azərbaycan gəncləri günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl laçınlı gənclər Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü və Taxtakörpü qəsəbəsində rayon şəhidlərinin adının əbədiləşdirildiyi xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının Rayon təşkilatının akt zalında davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun da iştirak etdiyi tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev açaraq, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra rayon gənclərini bu əlamətdar bayram günü münasibəti ilə təbrik etdi.
“Gənclər günü” barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı geniş məlumat verildi.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açaraq, dövlət gənclər siyasəti sayəsində əldə edilmiş nailiyyətlər barədə gənclərə geniş məlumat vermişdir.
Tədbirdə çıxış edən gənclər Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə əminliklərini bildirdilər.
Tədbirdə ordudan tərxis olunmuş gənclərə, ötən il uğurlar qazanmış idmançılara və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.