Taxtakörpü qəsəbəsində narkomaniyanın zərərlərindən bəhs edən tədbir keçirilmişdir.
9 yanvar 2014-cü il tarixdə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Rayon İcra Hakimiyyətinin və Rayonun hüquq mühafizə orqanlarının birgə təşkilatçılığı ilə narkomaniyanın cəmiyyət və sağlamlığa vurduğu zərər və ona qarşı mübarizəyə həsr olunan tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Narkomaniyanın zərərlərindən danışan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, tədbirin əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa çağırmaq, onları bu sahədə maarifləndirməkdir.
Tədbirdə rayon polis şöbəsinin rəisi, rayon prokuroru və təhsil işçiləri çıxış edərək, narkotiklərin qanunsuz dövriyyəsi, narkomaniya və psixotrop maddələrin fəsadları və onlara qarşı mübarizənin forma və metodlarından, narkomaniyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, “ağ ölüm” kimi tanınan narkomaniyanın bəlası cəmiyyətdə, insan həyatında sağalmaz fəsadlar yaradır. Odur ki, bütün bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya qarşı cəmiyyət bütövlükdə mübarizə aparmalıdır.
Tədbirdə gənclərə narkomanlardan uzaq olmaq və bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx göstərilib.