31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il şənliyi qeyd olundu.
29 dekabr 2014-cü il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.
Təntənəli bayram şənliyində rayon sakinlərini Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmişdir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranma tarixinin birbaşa Ulu öndər Heydər Əliyevlə bağlı olduğunu bildirən natiq 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmasını xalqımızın tarixində qazanılmış ən böyük nəaliyyət olduğunu bildirmişdir. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir, Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev eyni zamanda bildirmişdir ki, xalqımızın milli adət-ənənələrinə 2003-cü ildən başlayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək diqqət və həssaslıqla yanaşır, bu bayramın dövlət səviyyəsində keçirilməsinə geniş şərait yaratmışdır.
Eyni zamanda bildirilmişdir ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi hərtərəfli qayğı da xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına qəti əminliyini bildirmişdir.
Sonra tədbir Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı geniş bayram konserti ilə davam etdirilmişdir. Şaxta baba və qar qızın tədbirdə iştirak edən uşaqlara hədiyyə paylaması uşaqlar tərəfindən sevinclə qarşılanmışdır.
Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri qəsəbə sakinlərində yüksək bayram əhval - ruhiyyəsi yaratmışdır.