Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirildi.

28 noyabr 2014 | 16:00

28 noyabr 2014-cü il tarixində Bakı şəhər Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərlə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun görüşü-səyyar qəbulu keçirilmişdir.
Xatırladaq ki, Gənclər şəhərciyi 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “ Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na uyğun olaraq inşa edilmiş  və bir neçə il öncə Ermənistan tərəfindən işğal edilmiş rayonlardan olan xeyli sayda məcburi köçkün ailəsi burada məskunlaşdırılmışdır. Hazırda Laçın rayonundan olan 135 ailə ( 500 nəfərə yaxın) də burada yaşamaqdadır.
Rayon İcra Hakimiyyəti başçısı müavinlərinin və aidiyyəti idarə, müəssisə rəhbərlərinin də iştirak etdiyi görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirdi ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra qaçqın və məcburi köçkünlərin problemi, eyni zamanda da Ermənistanın silahlı qüvvələri tərəfindən işğala məruz qalmış ərazilərimizin geri qaytarılması dövlətin və hökumətin qarşısında dayanan ən prioritet məsələ kimi gündəmə gətirilmişdir. Bu istiqamətdə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən işlər İlham Əliyev cənablarının prezidentliyi dövründə də davam etdirilmiş, daha da geniş vüsət almışdır. Aparılan uğurlu daxili və xarici siyasətin, beynəlxalq təşkilatlarla edilən səmərəli əməkdaşlığın,  ölkəmizin artan iqtisadi və hərbi gücünün, həmçinin də regionda artan rolunun nəticəsi olaraq dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması dəfələrlə bəyan edilmiş, bununla əlaqədar BMT-nin 4 qətnaməsi qəbul edilmişdir. Ancaq bütün bunlara baxmayaraq hazırki dünyada hökm sürən ədalətsizlik və ikili standartlar münaqişənin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə imkan vermir. Ancaq dünyəvi prinsiplər üzərində qurulan və demokratik dəyərləri inkişaf etdirməklə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxmış müstəqil Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində səylərini davam etdirməkdə, hərbi qüdrətini artırmaqdadır. Təsadüfi deyil ki, bu gün Azərbaycan regionun ən güclü ordusuna malikdir. Elə bu günlərdə 2015- ci il üçün təsdiq edilmiş Dövlət Büdcəsində də hərbi sahəyə ayrılan xərclərin artırılması bir daha ondan xəbər verir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə barışmaq niyyətində deyil və cənab Prezidentin dediyi kimi hansı yolla olursa-olsun özünün ərazi bütövlüyünü təmin edəcəkdir. Ancaq bu məsələdə hər şeyi dövlətin boynuna qoymaq qətiyyən düzgün deyil. Hər bir vətəndaş öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməli, ondan asılı nə varsa vicdanla həyata keçirməlidir. Bu gün hər bir vətəndaşın, o cümlədən də biz laçınlıların üzərinə düşən vəzifə mükəmməl təhsil alaraq ləyaqətli vətəndaşa olmaq, gənclərimizi milli vətənpərvərlik ruhunda tərbiyə edərək onların hərb sənətinə yönəldilmələrini təmin etməkdən ibarətdir. Torpaqlarının 20%-i işğal altında olan bir ölkənin hər bir vətəndaşı özünü  əsgər hesab etməli və lazım gələn anda üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyə hazır olmalıdır. Mən proseslərdən xəbərdar olan bir şəxs kimi sizi əmin edirəm ki, biz yaxın zamanlarda  Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında   öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun üçün beş il, on il gözləmək lazım gəlməyəcək. Məqamı yetişən anda bu məsələ ən qısa vaxt ərzində öz həllini tapacaqdır. Təsdiq  olunmuş  “Böyük Qayıdış”  proqramına əsasən bu gün erməni işğalı altında qalan şəhərlərimiz, kəndlərimiz ən qısa müddət ərzində tikilərək öz sakinlərinin istifadəsinə veriləcəkdir. Buna dövlətimizin kifayət qədər imkanı var. Bir daha qeyd edirəm ki, bu məsələdə hər bir vətəndaş üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Bildiyiniz kimi bir müddət öncə gənclərimizin hərbi sahəyə marağını artırmaq üçün bizim tərəfimizdən bir təşəbbüs irəli sürüldü və bu təşəbbüs ən yüksək dairələrə qədər gedib çıxdı və müdafiə olundu. Bundan sonra bir hesablamalar aparıldı və məyusedici nəticə ortaya çıxdı. Məlum oldu ki, əraziləri işğala məruz qalmış rayonlardan hərb sənətinə yiyələnənlərin sayı çox azdır və hətta elə rayonlar var ki, bir nəfər də yoxdur. Bu qətiyyən məqbul hesab oluna bilməyən bir faktdır. Qeyd edim ki, təşəbbüsümüzün nəticəsi bu gün bizi qane edəcək səviyyədə deyil, ancaq irəliləyişlər də göz qabağındadır. Bizim təşəbbüsümüzdən sonra birinci il ali hərbi məktəblərə daxil olan laçınlı gənclərin sayı 3 nəfər idisə, bu il 15-ə yaxındır. Ancaq bu istiqamətdə biz işlərimizi daha da mütəşəkkil şəkildə davam etdirməliyik. Laçını işğaldan azad edəcək ordu hissələrinin önündə laçınlı komandirlər getməlidir. Bu halda qələbəmiz yüzə-yüz təmin ediləcək və daha da tezləşəcəkdir. Biz Laçından birlikdə çıxdığımız kimi, birlikdə də oraya qayıdacağıq.
Görüşdən sonra səyyar qəbul keçirildi. Qəbulda iştirak edən vətəndaşlardan 18 nəfərinin müraciətləri dinlənildi. Müraciətlər əsasən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin edilmə məsələləri ilə bağlı söylənildi.   Həlli mümkün olan müraciətlərin yerinə yetirilməsi üçün aidiyyəti  qurumların rəhbərlərinə rayon rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilərək icrası nəzarətə götürüldü, həlli Rayon İcra Hakimiyyətinin imkanları xaricində  olan məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahlar verildi.

Keçidlər