Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir

25 fevral 2012 | 16:00

25 fevral 2012-ci il tarixdə Laçın rayon icra strukturlarının idarə və müəssisələrinin müvəqqəti fəaliyyət göstərdikləri Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində XX əsrdə bəşər tarixinə ən dəhşətli faciə kimi daxil olmuş Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Əvvəlcə çoxsaylı rayon ictimaiyyəti nümayəndələri Taxta-körpü qəsəbəsində şəhidlərin əziz xatirəsinə ucaldılmış Xatirə kompleksini ziyarət etmiş, önünə tər qərənfillər düzmüş, Qarabağ müharibəsi zamanı şəhid olmuş 20 mindən çox soydaşlarımızın əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra anım mərasimi ilə bağlı tədbir rayon İcra hakimiyyəti inzibati binasının iclas zalında davam etdirilmişdir. Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quluyev açdıqdan sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri Xocalıda erməni faşizmi tərəfindən xalqımıza qarşı törədilmiş ən qəddar və dəhşətli soyqırımına, genosidə məruz qalmış soydaşlarımızın əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən, faciənin miqyası və mahiyyəti, bunun erməni millətçi cəlladları tərəfindən insanlığa qarşı törədilmiş analoqu olmayan terror aktı olması barədə geniş məruzə dinlənilmişdir. Məruzədə, həmçinin vurğulanmışdır ki, faciənin 20-ci ildönümü ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev 17 yanvar 2012-ci il tarixdə xüsusi Sərəncam imzalayıb ki, bu da ötən illər bu istiqamətdə aparılan işlərin davamı olaraq faciəyə beynəlxalq aləmdə ədalətli münasibətin formalaşdırılması, bu qətliamın soyqırımı kimi tanıdılmasını işini sürətləndirəcəkdir. Eyni zamanda qeyd olunmuşdur ki, Sərəncamın icrası ilə bağlı fevral ayının əvvəlində rayon İcra hakimiyyəti başçısı aparatında tədbirlər planı hazırlanmış, tərtib edilmiş qrafikə uyğun olaraq rayonun bütün idarə ,müəssisə və təşkilatlarında müxtəlif tədbirlər keçirilmiş, 24 fevral tarixində isə rayonun bütün ümumtəhsil məktəblərində birinci dərslər Xocalı faciəsinə həsr edilmişdir. Bununla yanaşı Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılmış Əlaqələndirmə Şurasının müraciəti ilə keçirilən ”Əsrin Soyqırımı – 20-ci ilində” adlı aksiya çərçivəsində nüfuzlu beynəlxalq təşkilatlara çatdırılması üçün 2300 nəfərdən çox azyaşlı rayon məktəblisinin imzaları toplanmış, həmçinin “Laçın” qəzetində müxtəlif səpkili məqalələr dərc edilmişdir.
Tədbirdə faciə zamanı yaxınlarını itirən, erməni vəhşiliyinin şahidi olan rayon sakinləri çıxış edərək faciəni ürək ağrısı ilə bir daha xatırlamış, dünyanın əksər dövlətləri tərəfindən faciəyə ikili standartlardan yanaşılmasını, insanlığa sığışmayan bu qətliama hələdə siyasi qiymət verilməməsinə etirazlarını bildirmiş, erməni vəhşiliyini və qəddarlığını qətiyyətlə pisləmiş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, müdrik diplomatiya sayəsində bu sahədə də dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərini tezliklə dəstəkləyəcəyinə, işğal olunmuş tarixi torpaqlarımızın azad olunacağına, adı XX əsrdə bəşəriyyəti dəhşətə gətirən Xatın, Xirosima faciələri ilə eyni səviyyədə duran, ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinə də hüquqi-siyasi qiymət veriləcəyinə əminliklərini bildirmişlər.
 

Keçidlər