23 iyun - Dövlət qulluqçularının peşə bayramı günüdür 23.06.2023
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir.
Eyni zamanda dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini “Dövlət qulluqçularının peşə bayramı günü” elan etməsi faktı ilə əlaqədar bu tarixin Azərbaycanda da dövlət qulluqçularının peşə bayramı günü kimi keçirilməsi qərara alınmışdır. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda 100 illik yubileyini böyük sevinclə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Hər il peşə bayramı günü təntənəli qayda da qeyd edən laçınlı dövlət qulluqçuları minnətdarlıq hissi ilə bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması, onların peşə fəaliyyətinin qiymətləndirilməsi dövlət başçısının nəzarətində saxlanılmaqla möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətə, vətənə, xalqa xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal nümunə olduğunu xüsusilə qeyd edirlər. Peşə bayramı günü ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin bir qrup dövlət qulluqçusu ilə yanaşı Laçın Rayonu İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hümbətov Əhməd Ramazan oğlunun da “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilməsinə görə dövlət başçısına minnətdarlığımızı bildir, bunu bütün laçınlı dövlət qulluqçularının fəaliyyətinə verilmiş qiymət kimi dəyərləndiririk.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 Günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin və möhtəşəm Zəfərin dövlət qulluqçularının peşə bayramlarına xüsusi sevinc gətirərək, unudulmaz etdiyini qeyd edən laçınlı dövlət qulluqçuları 2023-cü ildə Laçına Böyük Qayıdışın başlanmasını bütün laçınlılar tərəfindən ruh yüksəkliyi və minnətdarlıqla qarsalandığını bildirirlər. Hər birimiz qəti əminik ki, bundan sonrada dövlət başçısı cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmiz daha böyük uğurlara imza atacaqdır.
Rayon rəhbərliyi bir daha bu əlamətdar gün münasibətilə rayonun bütün dövlət qulluqçularını təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayır.