9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.
08 noyabr 2014-cü il tarixdə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir. Ərazidəki rayon məktəblilərinin də qatıldığı tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının mənzil qərargahında davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan
tədbirdə “Üçrəngli bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə və çıxışlarda bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildiyi, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğu, eyni zamanda müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturu müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğu bildirilmişdir.
Həmçinin bildirilmişdir ki, rəsmi istifadəsinə qadağa qoyulmuş üçrəngli bayrağımız 71 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-unun Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilməsinə, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz nümunəsi kimi yanaşdıqlarını xüsusilə vurğulamışlar.
Həmçinin qeyd olunmuşdur ki, Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmaqla, bu bayram ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir.
Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.