18 oktyabr - Dövlət müstəqilliyi günüdür.
18 oktyabr 2014-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətində Dövlət müstəqilliyi günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir Rayon İcra Hakimiyyətində davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açıq elan etdikdən sonra, 18 oktyabr Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibəti ilə bütün xalqımızı və tədbir iştirakçılarını təbrik etmiş, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi əbədidir” adlı etdiyi məruzəsində 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirmişdir. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu vurğulayan natiq 1993-cü ilə qədər Azərbaycanda yaranmış xaos, anarxiya nəticəsində ölkəninn vətəndaş müharibəsinin astanasında olmasından, iqtisadi böhran vəziyyətindən danışaraq, bu müstəqilliyin qorunub saxlanmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirmiş, hər il olduğu kimi, bu il də xalqımızın Dövlət müstəqilliyi gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda qəbul olunmuş Dövlət Müstəqilliyi haqqında Kontitusiya aktının xalqımızın qazandığı ən dəyərli sərvəti olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən rayon ziyalıları da Dövlət müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Azərbaycanda baş verən hərc-mərclikdən, hakimiyyət özbaşınalığından, baş verə biləcək vətəndaş müharibəsindən, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından danışaraq, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirmişlər. Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi yaşadacaqdır.