5 oktyabr 2014-cü il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər Müqəddəs Qurban bayramı münasibəti ilə bağlı tədbir keçirmişlər.
Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, hüquq mühafizə orqanlarının rəhbərliyi, rayon fəalları, rayon ictimaiyyəti - ziyalılar, ağsaqqallar iştirak etmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov ilk öncə hər kəsi islam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, Ulu Tanrı hər kəsin qurbanını, dualarını, niyyətlərini qəbul etsin. Rayon rəhbəri qeyd etdi ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir. Qurban bayramı orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ayın xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapır. Natiq həmçinin çıxışında onu da bildirdi ki, bu gün kəsilən 150 başdan çox qurbanlıq qoyun kəsilmiş.Qurban payları ölkəmizin 23 rayon və şəhərində müvəqqəti məskunlaşmış 800-dən çox laçınlı məcburi köçkün ailəsinə, o cümlədən şəhid, imkansız, tənha ailələrə, Böyük Vətən Müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göndərilmişdir. Natiq bir daha hər kəsi təbrik etdi və bu bayramın ölkəmiz, dövlətçiliyimiz, xalqımız üçün uğurlu və xeyirli olmasını dilədi, növbəti qurbanları işğaldan azad ediləcək torpaqlarımızda, o cümlədən Laçın torpağında kəsilməsini arzuladı.
Daha sonra qurbanlıq heyvanların kəsimi başladı. 800-dən çox ailəyə hər bir ailə üçün hazırlanmış Qurban payları Mingəçevir, Yevlax, Şirvan şəhərlərində, Bərdə, Tərtər, Beyləqan, Füzuli, İmişli, Saatlı, Sabirabad, Kürdəmir və digər rayonlarda müvəqqəti məskunlaşmış laçınlı məcburi köşkün ailələrinə çatdırılmışdır. Laçınlı məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.