Laçın rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
7 fevral 2012 – ci il tarixdə Laçın rayonu üzrə 2011-ci ildə görülmüş işlər və 2012- ci ildə qarşıda duran vəzifələrlə bağlı rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağının işində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi cənab Rövşən Ağayev iştirak etmişdir.
Yığıncaqdan əvvəl ictimaiyyəti nümayəndələri tərəfindən rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ulu Öndər Heydər Əliyevin ucaldılmış büstü ziyarət olunaraq, önünə gül dəstələri qoyulmuşdur. Sonra rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2011-ci il tarixdə laçınlı məcburi köçkünlərlə görüşünü, həmçinin rayonun illik göstəricilərini əks etdirən stendlərə baxılmışdır.
Bundan sonra inzibati binanın iclas zalında ölkə başçısı cənab İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birlikdə 24 dekabr 2011-ci il tarixində Taxta-körpü ərazisində inşa olunmuş 552 ailəlik qəsəbənin açılışında iştirakı və laçınlı məcburi köçkünlərlə keçirilmiş görüşünə dair video çarxa tamaşa edilmiş, həmçinin rayon icimaiyyətinin nümayəndələri rayon İcra Hakimiyyətinin 2011-ci ilin dekabr ayında yaradılmış saytı ilə tanış edilmişdir.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə ötən ildə Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında respublikada və rayonda görülmüş işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Məruzə ətrafında rayonun ayrı-ayrı sahələrini əhatə edən çıxışlar edilmiş, ölkə başçısı cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi hərtərəfli diqqət və qayğıdan minnətdarlıqla danışılmışdır. Eyni zamanda iclas iştirakçıları tərəfindən bəzi həlli vacib məsələlərlə bağlı təkliflər bildirilmişdir. İclasın qərar layihəsi təklif edilən və əlavə olunan məsələlərlə birlikdə qəbul edilmiş, sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
İclasın sonunda 2011-ci ildə rayonun ictimai-siyasi həyatında və gənc nəslin təlim-tərbiyəsində fərqlənmiş bir qrup rayon sakininə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Bununla da hesabat yığıncağı yekunlaşmışdır.
İclasdan sonra çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin, qəsəbə sakinlərinin, həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi cənab Rövşən Ağayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı Elnur Sultanovun iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Laçın şəhər sakini, İkinci Dünya Müharibəsi veteranı, rayon Əmək və Müharibə veteranları şurasının sədri Cəmşid Tağıyevə hədiyyə olunmuş minik avtomobilinin təqdimatı keçirilmişdir. Bununla yanaşı Taxta-körpü ərazisində rayon Təhsil şöbəsi üçün tikiləcək yeni inzibati binanın təməli qoyulmuşdur.