Rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə daha üç yerdə görüşləri- səyyar qəbulları keçirildi.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun rayon sakinləri ilə növbəti görüşləri-səyyar qəbulları 11 sentyabr 2014-cü il tarixdə Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Ərdəşəvi, Fingə və Mişni obalarında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir. Görüşlərdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyevlə birlikdə Ərdəşəvi kənd tam orta məktəbində şəhid Elşən Süleymanovun, Fingə kənd tam orta məktəbində şəhid İslam Quliyevin, Mişni kənd tam orta məktəbində şəhid Habil Həsənovun büstü önünə, həmçinin Mişni kənd tam orta məktəbinin həyətində Mişni kəndindən olan Qarabağ müharibəsi şəhidlərinin və Qarabağ döyüşçülərinin xatirəsinə inşa olunmuş abidəyə tər güllər qoyaraq şəhidlərimizin xatirəsini yad etmişlər.
Ərdəşəvi obasında 70 nəfər , Fingə obasında 75 nəfər , Mişni obasında isə 80 nəfər rayon sakini görüşlərdə iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov görüşün əvvəlində hazırda ölkəmizdə və rayonda görülmüş işlərdən, məcburi köçkünlərin davamlı olaraq dövlət qayğısı ilə əhatə olunmasından, onların ardıcıl şəkildə müvafiq Dövlət Proqramlarına əsasən yeni mənzillərlə təmin olunmasından və qarşıda duran vəzifələrdən geniş söhbət açaraq ətraflı məlumat vermişdir.
Görüşdə çıxış edən məcburi köçkünlər Ölkə başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirərək bu gün Rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimovla yanaşı Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyevin də onlarla görüşə gəlməsindən yüksək razılıq ifadə etmişlər.
Məcburi köçkünlərlə görüşdən sonra səyyar qəbul keçirilərək Ərdəşəvi obasında 14 nəfərin , Fingə obasında 7 nəfərin , Mişni obasında isə 12 nəfərin müraciətləri dinlənilmişdir. Səyyar qəbulda müraciət edən məcburi köçkünlər əsasən obalarda Laçın rayonundan olan köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müayinə-müalicə, işlə təmin olunma, maddi köməklik və sair məsələlər barədə təkliflər irəli sürərək bu məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
Qaldırılmış məsələlərlə bağlı səyyar qəbulda iştirak edən rayonun aidiyyəti idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Mişni obasında görüş-səyyar qəbul başa çatdıqdan sonra ərazidə fəaliyyət göstərən Laçın rayonunun Mişni kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirildi. Görüşdə məktəbin yeni dərs ilinə hazırlığı, tədrisin keyfiyyəti, yeniyetmə və gənclərin mülki ixtisaslarla yanaşı xüsusilə hərbi təhsil müəssislərinə istiqamətləndirilməsi mövzularında ətraflı fikir mübadilələri aparıldı, bu mövzular ətrafında Rayon İcra Hakimiyyətinin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Keçirilmiş görüşlərdə-səyyar qəbullarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev iştirak etmişdir.