10 sentyabr 2014-cü il tarixdə Bərdə rayonu ərazsizində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə növbəti görüşləri keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun rayon sakinləri ilə növbəti səyyar qəbulları 10 sentyabr 2014-cü il tarixdə Bərdə rayonunun Təhlə məcburi köçkünlər qəsəbəsində, Laçın rayonunun Hacıxanlı kənd tam orta məktəbndə keçirilən görüşdə 75 nəfər, Bərdə şəhəri 127 saylı Laçın Texniki Peşə məktəbinin həyətində keçən görüşdə isə 215 nəfər rayon sakini iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov görüşün əvvəlində Ölkə başçısının məcburi köçkünlərə olan diqqət və qayğısından danışaraq bunun əyani təzahürü kimi Bərdə rayonunun ərazisində tikilmiş yeni qəsəbələrin və yaşayış binalarının istifadəyə verilməsini rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılandığını, ərazidə 178 laçınlı ailəsinin rahat mənzillərlə təmin edildiyini minnətdarlıqla qeyd edərək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən olduğunu bildirmişdir. Eyni zamanda rayon rəhbəri bu istiqamətdə işlərin 2014-cü ildə də davam etdiriləcəyini hər bir köçkün ailəsinin rahat mənzillə təmin ediləcəyini görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
O da qeyd olunmalıdır ki, hazırda faktiki olaraq Bərdə rayonu ərazisində Laçın rayonu üzrə 1856 ailə 7094 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Bununla yanaşı həmin ərazidə Laçın rayonunun 15 ümumtəhsil məktəbi, 8 səhiyyə, 15 mədəniyyət müəssisəsi, həmçinin rayonun 127 saylı Texniki Peşə məktəbi və bir uşaq bağçası fəaliyyət göstərir.
Səyyar qəbulda Təhlə köçkünlər qəsəbəsi üzrə dörd nəfər, Bərdə şəhəri 127 saylı Laçın Texniki Peşə məktəbində isə 20 nəfər laçınlı köçkün çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, məskunlaşdıqları ünvanlarda səyyar qəbul-görüşlərin keçirilməsinin əhəmiyyətini razılıqla qarşıladıqlarını qeyd edərək , mövcud problem və çətinliklərin həllində onlara köməklik göstərilməsini bildirmişlər. Qaldırılmış məsələlərlə bağlı görüşdə iştirak edən rayonun aidiyyəti idarə, müəssisə rəhbərlərinə və digər səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmişdir.
Görüş-səyyar qəbullarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev iştirak etmişdir.