500-dən çox bal toplayaraq ali məktəblərə qəbul olmuş laçınlı tələbələrlə görüş keçirildi
3 sentyabr 2014-cü il tarixdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2014-2015-cü il üçün ali məktəblərə qəbul imtahanlarında uğur qazanaraq 500-dən çox bal toplamış laçınlı tələbələrlə görüş keçirilmişdir.
Rayon Mədəniyyət evində keçirilən tədbirdə tələbələr, müəllim kollektivləri və valideynlərlə yanaşı Laçın rayonundan olan ziyalılar, ictimaiyyət nümayəndələri də də iştirak etmişlər.
Tədbiri açıq elan edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bu il ali məktəblərə qəbul olunan tələbələri, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Laçın rayonundan olan məzunların bu ilki ali məktəblərə qəbulu zamanı əldə olunan nəticə bu günə qədər rayonun tarixində əldə edilən ən yüksək göstəricidir. Bu il Laçın rayonunun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 254 nəfərin respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmaları olduqca əlamətdar bir haldır. Bu uğurların təməlində xalqımızın Ulu öndəri Heydər Əliyevin təhsil siyasəti dayandığını bildirən rayon rəhbəri eyni zamanda bildirmişdir ki, istər Sovetlər dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev təhsilə hər zaman yüksək qiymət vermiş, onu dövlətin və hökumətin qarşısında dayanan ən prioritet məsələlərdən biri hesab etmişdir. Həmçinin, bildirilmişdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən digər konsepsiyalarla yanaşı, təhsil konsepsiyasının da bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla aparılması ölkəmizin hazırkı inkişafını şərtləndirən amillərdən birinə çevrilmişdir.
Tədbirdə çıxış edən Laçın Rayon Təhsil Şöbəsinin müdiri bildirmişdir ki, rayonumuzun ümumtəhsil məktəblərinin buraxılış imtahanlarındakı göstəriciləri respublika göstəricisindən yüksək olmuşdur. Ötən dərs ilinin XI sinfində təhsil alan 626 nəfər şagirddən 501 nəfəri müvəffəq qiymətlər almışdır. Bu göstərici də 66 kənd rayonu arasında 7-ci göstəricidir. Məktəbi bitirən məzunlardan 469 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 254 nəfəri, yəni 54%-i ali məktəblərə qəbul olunmuşdur. Bu ilki imtahanlarda 13 nəfər məzun 500-dən, o cümlədən 8 nəfər məzun 600-dən yuxarı bal toplamışdır. Rayon Təhsil Şöbəsinin müdiri bu il 10 nəfər məzunun ölkəmizin ali hərbi təhsil müəssislərinə, 3 nəfər məzunu isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunduğunu bildirmişdir.
Sonra tədbirdə iştirak edən ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək tələbələri təbrik etmiş, onlara təhsildə və həyatda müvəffəqiyyətlər arzulamışlar.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.